Son vaxtlar mediada artan intihar xəbərləri ilə bağlı psixoloq Elnur Rüstəmov həyəcan siqnalı çalıb. O, SİTAT.İNFO-ya açıqlamasında bildirib ki, artıq intihar hallarının motivini müəyyən etmək də çətinləşib: "İntihar motivləri ilə bağlı müxtəlif fikirlər var. Əvvəl intihar edənlərin statistikasını aparanda risk qruplarını müəyyənləşdirmək mümkün idisə, bu gün onları müəyyən etmək çətinlik yaradır. Klassik təsnifatda belə idi ki, təkha insanlarda, uzun müddət xəstəlikdən əziyyət çəkənlərdə, psixiatrik problemi olan insanlarda intihar halları müşahidə olunurdusa, bu gün görürük ki, intihar edənlər içində uşaqlar da var, yeniyetmələr də var. Heç bir xəstəliyi olmayan insanlar, tənha olmayanlar da intihar edirlər. Qazilərimizin intiharı halları baş verir".
E.Rüstəmov bütün bunları Mən bunu psixoloji narahatlıqla əlaqələndirib: "Yaşadığımız dünyanın problemləri çoxdur, insanlar gərgin və aqressivdir. Stresə qarşı davamsızlıq halları var. Bu hallarda da insan bəzənm sabahı ilə bağlı ümidsiz olur. Bəzən insanlar ani qərar verir və nəticədə intiharlar baş verir.
Biz ilk növbədə maariflənmə işi aparmalıyıq, risk qrupunu müəyyən etməliyik. İnsan intihara bir dəfə cəhd edibsə və reabilitasiya prosesi keçməyibsə, psixoloji dəstək almayıbsa, onlar təkrar intihar haqqında düşünürlər. Ailədaxili konfliktlərə diqqət etməliyik, bu hallar uşaq və yeniyetmələrin psixologiyasına təsir göstərir. Bu gərginliklər fonunda intihar halları yaşanır".
Psixoloq onu da bildirdi ki, psixoprofilaktik iş aparılmalıdır: "Xüsusən sosial şəbəkələrdə intihar hadisələrinin qabardılması da təsir edir. Əgər mətbuatda hansısa intihar hadisəsi qabardılırsa, həmin ərəfədə, növbəti 10-15 gün müddətində intihar xəbərlərinin sayı artır. Əgər intihar özünü asmaqla baş veribsə, bu şəkildə intiharlar artır. Ya həmin şəxs pedaqoqdursa, həmin sahədə çalışanlar arasında intiharlar artır. Dünyada da qəbul olunan qayda bundan ibarətdir ki, intihar xəbərləri sırf xəbər kimi mediada geniş işıqlandırılmamalıdır. Çünki bu xəbərlər təşviq etmə funksiyası daşıyır. Əksinə maariflənmə və profilaktik iş aparmaq lazımdır.
İntihara meylli olan və ya buna bir dəfə cəhd edən şəxslərə psixoloji dəstək olmaq lazımdır. Bu gün bizim üçün prioritet olan məqam cəmiyyətin psixoloji sağlamlığı istiqamətində kompleks tədbirlərin görülməsidir".
SİTAT.İNFO