Təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əsas mərhələsinə start verilib. İmtahanlar 14-22 iyul tarixlərində baş tutacaq. Əvvəlki illərdən fərqli olaraq builki imtahanlarda bir sıra yeniliklər də tətbiq olunacaq.
Müəllim olmaq istəyənlər üçün növbəti imtahan keçiriləcək.
Bu il dövlət ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə 60 min 2 müraciət qeydə alınıb. Onlardan 54 min 745 nəfəri növbəti mərhələyə keçə bilib.
14-22 iyul tarixlərində baş tutacaq imtahanlarda bir sıra yeniliklər tətbiq ediləcək. Çoxsaylı müraciətlər nəzərə alınaraq imtahan müddəti artırılıb.
Müəllimlərin işə qəbulu üzrə test imtahanında səhv cavablandırılmış suallar düzgün cavabların dörddə bir hissəsinə təsir edəcək. Namizəd ixtisas sualına səhv cavab verərsə düz cavablandıran sualın 0,5 balını aparacaq. Metodikadan səhv cavablandırılan sual isə nəticəni 0,25 bal azaldacaq. Bu il həmçinin ucqar məktəblərdə uzun müddət çalışmış müəllimlərin balları artım əmsalları ilə hesablanacaq. Şəhid ailələrindən olan namizədlərə isə əvvəlcədən seçim hüququ veriləcək.