UNESCO-da ermənilərin növbəti təxribatının qarşısı alındı

10:08 8 İyul 2022

Parisdə UNESCO-nun mənzil-qərargahında qurumun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə 2003-cü il Konvensiyasının iştirakçı dövlətlərinin Baş Assambleyasının 9-cu sessiyası başa çatıb. 

Sitat.info xəbər verir ki, Azərbaycan sessiyada Mədəniyyət Nazirliyinin nümayəndəsi, eləcə də UNESCO yanında daimi nümayəndəliyimizin diplomatları ilə təmsil olunub. 

Baş Assambleyanın son sessiyasında həmişə olduğu kimi Ermənistan nümayəndəliyi UNESCO platformasını yenidən təxribatçı və əsassız iddiaları üçün istifadə etməyə, beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd etsə də, onun qarşısı alınıb və yalanları ifşa edilib. 

Ermənistan nümayəndəsinin cəfəng fikirlərinə cavab olaraq, Azərbaycan nümayəndəsi bildirib ki, məhz Ermənistan 30 il ərzində ölkəmizin ərazilərinin 20 faizini işğal altında saxlayıb, bu illər ərzində həmin ərazidə yerləşən bütün mədəni və dini abidələri məqsədyönlü şəkildə dağıdıb, beynəlxalq hüququn bütün norma və prinsiplərini, eləcə də UNESCO-nun əsas Konvensiyalarını kobud şəkildə pozub. 

AZƏRTAC-ın məlumatına görə, Azərbaycan nümayəndəsi torpaqlarımızın Ermənistan tərəfindən işğalı dövründə minlərlə mədəni-dini irs nümunələrimizin tamamilə dağıdıldığını, nəticədə 1 milyona yaxın azərbaycanlı qaçqın və keçmiş məcburi köçkünün öz qeyri-maddi mədəni irs hüquqlarından məhrum olduğunu sessiya iştirakçılarının diqqətinə çatdırıb.

Vurğulanıb ki, Ermənistandan fərqli olaraq, Azərbaycan tarixi, mədəni irsə dini və etnik zəmində ayrı-seçkilik etmir, ərazisində yaşayan bütün insanların tam bərabər hüququnu tanıyır.

Ermənistan ərazisində yerləşən Azərbaycan xalqına məxsus mədəni irs dağıdılıb və bu vandallıq aktlarının əsas məqsədi də xalqımızın əsrlər boyu həmin torpaqlarda yaşaması ilə bağlı izləri silmək olub. 

Bildirilib ki, Azərbaycan öz ərazilərini işğaldan azad etməklə münaqişə başa çatıb və ölkəmiz işğaldan azad olunmuş ərazilərin bərpasına başlayıb.

Ermənistana isə beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə, nifrət, düşmənçilik və ərazi iddialarından əl çəkmək, ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmət nümayiş etdirməklə, regionda yaranmış yeni reallıqları qəbul etmək tövsiyə edilib. 
UNESCO texniki missiyasının səfərinin məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən baş tutmadığı sessiya iştirakçılarının diqqətinə çatdırılıb və qurumun 2005-ci il hesabatında da Ermənistanın UNESCO missiyasının həyata keçirilməsinə maneə törətdiyi qeyd olunub. 

/Bizim.media



Xəbər xətti