Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Ermənistanın revanşist qüvvələrinə xəbərdarlıq edib.
Sitat.info xəbər verir ki, Ə.Nağıyev DTX-nin Heydər Əliyev adına Akademiyasında məzunların növbəti buraxılışına həsr olunan təntənəli tədbirdə çıxışı zamanı bu məsələyə toxunub.
Çıxışında dünyada mürəkkəb geosiyasi proseslərin getdiyi, ölkələrin milli təhlükəsizliyinə təhdidlərin artdığı bir vaxtda dövlətimizdə sabitliyin və əmin-amanlığın etibarlı şəkildə təmin olunduğunu vurğulayan DTX rəisi bu istiqamətdə daim ayıq-sayıqlığın qorunub saxlanıldığını, regionda cərəyan edən hadisələrin dövlətimizin təhlükəsizliyinə təsiri baxımından diqqətlə izlənildiyini bildirib.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müzəffər sərkərdəliyi ilə Vətən müharibəsində əldə edilən zəfərdən sonra Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən atılan qətiyyətli addımların, dövlətimizin başçısının sülh çağırışlarının müqabilində Ermənistan tərəfinin sərgilədiyi destruktiv mövqe, danışıqların ruhuna xələl gətirən əsassız iddia və bəyanatları təəssüf doğurur, bölgənin gələcək təhlükəsizliyinə təsir edə biləcək amil kimi dəyərləndirilir. Ölkə Prezidentinin qeyd etdiyi kimi, Ermənistanın revanş cəhdlərinin qarşısı qətiyyətlə alınacaqdır.
Bütün bunlar nəzərə alınaraq xüsusilə vurğulanıb ki, Akademiyada təhsilini başa vurduqdan sonra DTX-də fəaliyyətə başlayan gənc əməkdaşlar dövlətçiliyimizin və müstəqilliyimizin keşiyində hər zaman sərvaxt durmalı, vəzifə borclarını vicdanla və layiqli şəkildə yerinə yetirməli, Ali Baş Komandan İlham Əliyevin təhlükəsizlik orqanlarının qarşısında qoyduğu tapşırıqların icrası yönümündə əzmlə çalışmalıdırlar.