Xəbər verdiyimiz kimi, birinci Qarabağ müharibəsi şəhidi İsaq Fərəcovun bacısı Təranə Fərəcova özünü Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin qohumu kimi təqdim edən Şahmar Əliyev adlı şəxs tərəfindən dələduzluğa məruz qaldığı iddiası ilə çıxış edib. O bildirib ki, Şahmar Təranə Fərəcovaya məcburi köçkünlər üçün tikilən binalardan ev verdirəcəyinə dair yalan vəd verib. Əvəzində ondan 20 min manat alıb. Nə ev məsələsi həll olunub, nə də pul geri qayıdıb.
“Sitat.info” xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi də məsələ ilə bağlı açıqlama yayıb.
Qurumdan bildirilib ki, dələduzluq törətməkdə ittiham edilən şəxslə Dövlət Komitəsinin sədrinin yaxın qohumluq əlaqəsi yoxdur:
“Ümumiyyətlə, baş vermiş dələduzluq faktı barədə komitəyə heç bir məlumat daxil olmayıb. Xəbərdən göründüyü kimi, fakt hüquq-mühafizə orqanlarında araşdırılıb. Dövlət Komitəsinin mövqeyi belədir ki, kimliyindən asılı olmayaraq, cinayət törətmiş hər bir şəxs mövcud qanunvericilik əsasında cəzalandırılmalıdır”
/Qafqazinfo