"Vəziyyətin bu qədər ağırlaşması sosial partlayışa gətirib çıxara bilər" - Tural Abbaslı

13:42 12 İyul 2022

Azərbaycanda ərzaq sənayesində monopolist şirkətlər var. Marketlərdə rəflərə baxarkən də görürük ki, həmin şirkətlər əsas yer tuturlar. Təsadüfi deyil ki,  həmin şirkətlərin məhsullarında qiymət artımları xarici bazarlardan daha sürətli gedir. Səbəb nədir? Və ərzaq sənayesinin monopoliyada olması qiymətlərə necə təsir göstərir?

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirir ki, Azərbaycanda bir çox sahə monopoliyadadır: "Əsasən gündəlik istifadə malları, ərzaq məhsulları iri oliqarxların monopoliyasındadır. Və demək olar ki, bu oliqarxlar müstəqillikdən bu yana bu sahə ürzə məşğuldurlar. Ərzaq bazarında "Azərsun" kimi holdinqlər var ki, bu ərzaq və qida bazarını nəzarətdə saxlayır. Onlar istədikləri vaxt dünya bazarına adekvat olmayan şəkildə qiymətləri qaldırır, endirirlər. Qanunvericiliyə görə, əslində buna da nəzarət etməli olan qurumlar var. İqtisadiyyat Nazirliyi nəzdində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin də təbii ki, onlara gücü çatmır. Və yaxud da gücünün çatmağını istəmir. Çünki bu monopolist qurumların, holdinqlərin, şirkətlərin böyük əksəriyyətinin himayədarları və yaxud səhmdarları hakimiyyətdə təmsil olunan iri nazirlər, nazir müavinləri və yaxud da ki, komitə rəhbərləridir. Yəni,  bir mənada öz əlləri, öz başlarıdır deyə, bu məsələdə onlara gözün üstə qaşın var deyən yoxdur".

Tural Abbaslı qeyd etdi ki,  bu məsələlər tənzimlənməlidir : "Biz anlayırıq dünyada inflyasiya gedir, dünya bazarında qiymətlər qalxır, amma Azərbaycandakı qiymətlər zatən inflyasiyadan da əvvəl, pandemiyadan da əvvəl yüksək idi. Və bu gün də onu bəhanə edib qiymətləri daha da qaldırmaq insanların sosial vəziyyətinin ağırlaşmasına səbəb olacaq. Və təbii ki, bu sosial vəziyyətin ağırlaşması sosial partlayışa gətirib çıxara bilər. Məsələn, mən nümunə kimi Şri-Lankanı göstərə bilərəm. Yəni , Şri-Lanka əhalisi xeyli sakit xalq idi, amma orada son zamanlar inflyasiya ilə bağlı, qiymətlərin qalxmağı ilə bağlı total narazılıq var idi. Və nəticədə nə oldu ? Sosial partlayış oldu və insanlar ayaqlandılar. Mən düşünürəm ki, Azərbaycanda məsələlər bu istiqamətə doğru sürətlə gedir. Yəni əgər hökumət tez bir zamanda bu istiqamətdə hər hansı bir addım atmasa, nələrin ola biləcəyini adam təsəvvür belə etmək istəmir. Elə məqam var ki, dövlət də qazanır, oliqarxlar da qazanır. Amma  elə məqam gəlir ki, əhaliyə yardım məqsədilə oliqarxlar və dövlət güzəştlər etməlidir. Bu həmin o məqamdır. Qiymətləri qaldırmaq yox, lazım gələrsə ən azı maya dəyərinə insanların tələbatını təmin etmək dövlətin borcudur".

Banu,
Sitat.info



Xəbər xətti