"Müharibəyə getməyənlər heç olmasa müharibədə iştirak edənləri dinləməlidirlər" Hərbi ekspertdən REAKSİYA

16:12 12 İyul 2022

"Biz ilkin olaraq insanları dinləməyi bacarmalı və onları qəbul etməliyik. Burada verilən açıqlamalar cəmiyyəti tam qane etmir. Sabirabad icra hakimiyyətinin önündə qazimiz açıq-aşkar özünü yandıracağını elan edir. Düzdür qazinin psixoloji problemi bəllidir, amma insanın danışığında məntiqsiz bir cümlə tapmaq mümkün deyil. Ola bilsin ki, o müharibə ilə bağlı psixoloji problem yaşıyır, amma o normal olaraq icra hakimiyyətinin qəbuluna düşə bilmədiyini deyir. İcra başçısı niyə insanları qəbul etmir, niyə qazini qəbul etmir və onu özünü öldürəcək həddə gətirib çıxarsın ki? Bu faktların hər biri araşdırılmalıdır".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. 

O bildirib ki,  artıq 36-cı qazimizdir ki, həyatına qəsd edir: "Bunların hamısı ayrı-ayrı fərd olaraq araşdırılmalı, ondan sonra sistemləşdirilməlir. Bu  işdə günahı olan vəzifəli şəxslər cəzalandırılmalıdır. Hesab edirəm ki, ümumilikdə hazırda veteranların və əlillərin problemi ilə tam məşğul ola biləcək dövlət qurumu respublika səviyyəsində yoxdur. Veteran və qeyri- hökumət təşkilatları var, amma onlar bu problemi həll edəcək gücdə deyil. Bir dövlət qurumu olmalıdır, bu dövlət qurumuna rayondaki şöbələr tabe edilməlidir".

Hərbi ekspert vurğuladı ki, icra hakimiyyətləri tamamilə bu qurumların üzərindən nəzarətini geri çəkməlidir və bu nəzarəti Nazirlər Kabinetinə tabe olacaq konkret qurum həyata keçirməlidir: "Çünkü, icra hakimiyyətlərinin indiyə qədər əlillərə və veteranlara qarşı elədikləri  yanlışları biz görmüşük. Bəzi icra hakimiyyətləri dəyişəndən sonra həmin icrada müsbət siqnallar var. Amma bunu heç də hamısına aid etmək olmaz. Bunu konkret faktda - Sabirabadın icra başçısından olan şikayətlər fonunda da gördük. Heç olmasa müharibəyə getməyənlər  müharibədə iştirak edənləri dinləməlidirlər".

Səid İsaoğlu,

SİTAT.İNFO



Xəbər xətti