Bakıdan Rusiya sərhədinə qədər olan yolda son vəziyyət

18:36 13 İyul 2022

Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi “Yaşma bağları” yaşayış məntəqəsindən başlayaraq sürətlə davam etdirilir.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Sitat.info-ya bildirilib ki, magistral yol layihəsinin tikintisi 5 hissə üzrə həyata keçirilir.

Məlumata əsasən, magistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 kilometrlik 1-ci hissəsi üzrə tikinti işləri sona çatdırılıb. Layihə üzrə 4 körpü və yol ötürücüsü, 5 yolaltı keçid, kommunikasiya xətləri üzərində 2 yük qəbuledici qurğu, 46 müxtəlif ölçüdə suötürücü borunun, yolun ayırıcı zolağında 31 min poqonometr beton baryerlərin tikintisi aparılıb.

Yeni magistral yolda aparılan işlər çərçivəsində 23,5 kilometrlik 2-ci hissə üzrə yol yatağının, 5 avtomobil tunelinin, 3 yolaltı keçidin, 36 suötürücü düzbucaqlı və dairəvi borunun tikintisi artıq yekunlaşdırılıb. Hazırda yol əsasının inşası, yol əsası hazır olan ərazilərə asfalt-beton örtüyünün döşənməsi işləri görülür. Artıq bu hissə üzrə 12 kilometr əraziyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

İyirmi kilometrlik 3-cü hissə üzrə 1 yol ötürücüsü, 8 yolaltı keçid və 55 suötürücü borunun inşası davam edir, layihə üzrə nəzərdə tutulan 2 körpünün inşası yekunlaşmaq üzrədir. Bundan başqa torpaq yatağının və yol əsasının tikintisi işləri icra olunur, yol əsası hazır olan 6 kilometrlik hissədə artıq 2 qat olmaqla asfaltlanma işləri yekunlaşmaq üzrədir. Yolun bu hissəsində ehtiyat futlyarlarının quraşdırılması işləri də aparılır.

Həmçinin 18,7 kilometrlik 4-cü hissə üzrə yol yatağı, yol əsası, 7 körpü və 4 yolaltı keçidin inşası davam edir. Layihə üzrə nəzərdə tutulan 45 suötürücü borunun quraşdırılması və 3 körpünün tikintisi artıq yerinə yetirilib.

Yeni magistralın 58 kilometrlik 5-ci hissəsi üzrə isə tikinti işləri yekunlaşmaq mərhələsindədir. Belə ki, sözügedən hissədə yol yatağı və yol əsasının, həmçinin 22 yolaltı keçid, 320 suötürücü boru, 32 körpü və yol ötürücüsünün inşası sona çatdırılıb. Hazırda yol örtüyünün aşınma layı tikilir, mühafizə zolağında çəpərlənmə işləri davam edir.

Magistral yolda hərəkətdə olan sürücü və sərnişinlərin təhlükəsizliyi baxımından yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə yolun hər iki tərəfdən çəpərlənməsi, ödəniş sisteminin hazırlanması, turniket, kameralar və server sisteminin quraşdırılması işləri də aparılır.

Ümumilikdə isə yeni inşa edilən 150 kilometrlik magistral yolboyu 55 yol ötürücüsü və körpü, 44 yolaltı keçid və 509 müxtəlif diametrlərdə dairəvi və düzbucaqlı suötürücü borunun inşası nəzərdə tutulur.

2023-cü ilin əvvəlinədək tikintisinin yekunlaşdırılması planlaşdırılan yeni magistral avtomobil yolu nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, bir çox sosial problemlərin həllinə şərait yaradacaq.



Xəbər xətti