Vətən müharibəsi iştirakçısının iddialarına - DİN-dən açıqlama

11:33 14 İyul 2022

Salyan rayonunun Varlı kənd sakini, Vətən müharibəsinin iştirakçısı Kamil Məmmədov iyulun 13-də sosial şəbəkədə paylaşdığı videogörüntüdə rayon icra hakimiyyətinin və polis şöbəsinin əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını bildirib.

DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov "Qafqazinfo"ya bildirib ki, K.Məmmədovun iddiası həqiqəti əks etdirmir: "Kamil Məmmədov Vətən müharibəsinin iştirakçısı olaraq həmişə diqqət və qayğı ilə əhatə olunub. Ona 12 sot həyətyanı, 50 sot isə əkin üçün torpaq sahəsi verilib, Aqrar İnkişaf Mərkəzinin Baytarlıq Şöbəsində işlə təmin edilib və maddi yardım ayrılıb.

Bunlara baxmayaraq, Kamil Məmmədov ötən ilin avqust ayında rayon polis şöbəsinə ərizə ilə müraciət edərək kəndin icra nümayəndəsinin onu təhqir etdiyini bildirib. Bununla bağlı aparılan araşdırma zamanı fakt təsdiqini tapmayıb. O, şikayətlərini davam etdirdiyi üçün yenidən polis şöbəsinə dəvət edilərək onunla müvafiq söhbətlər aparılıb, izahlar verilib. Bundan sonra Kamil Məmmədov yenidən ərizə verərək heç bir şikayətinin və tələbinin olmadığını bildirib. Şöbədə olarkən ona qarşı nəinki hər hansı bir qanunsuz hərəkət edilməyib, əksinə ona diqqət və hörmətlə yanaşılıb".



Xəbər xətti