İlham Əliyev yeni əməliyyatın anonsunu verdi

09:01 16 İyul 2022

Prezident İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə Ermənistanla bağlı çıxışından məlum olur ki, Moskva Qarabağdakı erməni ordusunun qalıqlarının iyun ayına qədər çıxarılacağına dair Bakıya söz veribmiş.

Mart ayında Bakıda Baş Qərargah rəisi Kərim Vəliyevlə Rusiya Silahlı Qüvvələrinin sülhməramlı fəaliyyət üzrə müavini Aleksey Kimin görüşü keçirilmişdi: əsas müzakirə mövzusu 10 noyabr bəyanatının 4-cü bəndinin icrası idi.

Həmin vaxt Bakının 4-cü bəndin icrasında israr etdiyini və Moskvanın bu israr qarşısında geri çəkilə biləcəyini yazmışdıq. Əliyevin indi verdiyi açıqlamadan da bəlli olur ki, Moskva məsələnin hərbi müstəvidə yox, masada həlli üçün Bakıdan konkret vaxt istəyib.

Lakin iyul ayı olmasına baxmayaraq, erməni qoşunlarının çıxarılması ilə bağlı heç bir addım atılmır.

Və Prezidentin çıxışından belə nəticə ortaya çıxır ki, Bakı mart ayında başlamadığı anti-terror əməliyyatını artıq təxirə salmaya bilər.

“Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir”, - deyən Əliyev cavabın nə olacağını açıqlamasa da, əslində atılacaq addımlara da işarə vurur.

Hansı addımların atılacağı da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu gün Tiflisdə keçiriləcək görüşünün nəticəsindən asılı olacaq: Əliyevin sözlərindən razılaşmaların icrası üçün “məcburetmə əməliyyatı”nın masada olduğu aydın olur.

 

 



Xəbər xətti