Vəzifə verilən prokurorlar

13:23 16 İyul 2022

Xəbər verdiyimiz kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin sabiq prokuroru Samir Mahmudov Prezident Administrasiyasının “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”nin icraçı direktoru, sabiq Bakı şəhər prokuroru İlqar Abbasov isə Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin  rəisi vəzifəsinə təyinat alıb.

“Sitat.info” xəbər verir ki, əvvəlki illərdə də prokurorluqda çalışan əməkdaşlar müntəzəm olaraq müxtəlif yüksək vəzifələrə təyinatlar alıblar.

Hazırda bir neçə ali dövlət təsisatının rəhbəri, o cümlədən ədliyyə naziri və Ali Məhkəmənin sədri də sabiq prokurorlardır. Belə ki, ədliyyə naziri Fikrət Məmmədov sabiq Sumqayıt şəhər prokuroru, Ali Məhkəmənin sədri Ramiz Rzayev  isə sabiq hərbi prokuror olub. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev də bir müddət prokurorluq sistemində yüksək vəzifə tutaraq, uğurlu fəaliyyət göstərib.

Bundan əlavə bu gün məhkəmə sistemində strateji əhəmiyyətə malik məhkəmə sədrlərinin bir neçəsi prokurorluq orqanlarında qulluq ediblər:  Ağır cinayətlər məhkəməsinin sədri Mahmud Nəbiyev, Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Ağayev,  bir neçə rayon(şəhər) məhkəmələrinin sədrləri və hakimləri. Həmçinin, Konstitusiya məhkəməsinin də bir neçə hakimi, o cümlədən İsa Nəcəfov və Mahir Muradov da böyük nüfuza sahib olan prokurorlardan olublar.

Bundan əlavə, Dövlət Təhlükəsizliyi Xidmətinin bir neçə müavini, ədliyyə nazirinin bütün müavinləri, Prezident Administrasiyasının bir neçə sektor müdiri, Nazirlər Kabinetinin bir neçə şöbə müdiri və Milli Məclisin xanım deputatı Əminə Ağazadə sabiq prokurorluq əməkdaşı olublar.



Xəbər xətti