Bu gün iki yaşını qeyd edən Azərbaycan Yüksəliş Partiyası daha bir mühüm hadisə ilə gündəmə gəlib.
Sitat.info xəbər verir ki, Azərbaycan insanını aktiv siyasətə cəlb etməyi qarşısına hədəf qoyan partiya yaranmasının ikinci ildönümündə gənclərlə bir araya gələrək, Gənclər Təşkilatının təsis konfransını keçirib.
Təsis konfransı Azərbaycanın Dövlət Himni səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Yüksəliş Partiyasının quruluşunun ikinci ildönümü ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.
AY Partiya Başqanının I müavini, İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov qurultayı açıq elan edərək, 16 iyul - Azərbaycan Yüksəliş Partiyasının quruluş günündə ənənəvi tədbir yox, Gənclər Təşkilatının qurultayının keçirilməsinə qərar verildiyini elan edib. Daha sonra qurultay öz işinə başlayıb. Səsvermə nəticəsində Gənclər Təşkilatının 9 nəfərdən ibarət İdarə Heyətinin üzvləri seçilib.
Tədbirin gedişatında söz alan AY Partiya Başqanının Elm və təhsil üzrə müşaviri, dosent Elçin İsmayılov gənclərin siyasi proseslərdə aktiv və təşəbbüskar olmasını təqdirəlayiq hal kimi qiymətləndirib, bu yolda onlara müvəffəqiyyət arzu edib.
Başqanın Gənclərlə iş üzrə müşaviri Sahib Altay isə çıxış edərək, gənclərin siyasi dünyagörüşünün formalaşmasında ideoloji məqamların üstünlüklərinə toxunub və bildirib ki, ölkədə siyasi şüurun gənclər arasında daha yayğın təşəkkül tapması sonda güclu vətəndaş institutunun yaranmasında önəmli rol oynayacaq. Bundan sonra o, partiyanin Gənclik Manifestini səsləndirib. Manifest böyük rəğbət və coşqu ilə qarşılanıb.
Daha sonra AY Partiya Başqanı Anar Əsədli gənclərə xitab edən çıxış edib. O, gənclərə bu çətin və məsuliyyətli mübarizə yolunda yanlarında olduqlarına görə təşəkkür edərək uğurlar diləyib və partiyanın gənclərlə bağlı siyasətinin mühüm tezislərini bölüşüb. O bildirib ki, dövlət quran hər bir liderin güvən yeri məhz gənclikdir. "Bizim öndərlərimiz Rəsulzadə və Atatürk də ilk olaraq, gəncliyə müraciət etmişdilər. Atatürk deyirdi ki, möhtac olduğun qüdrət damarlarından axan qandadır. Rəsulzadə isə bildirirdi ki, səndən öncəki nəsil yoxdan bir dövlət qurdu. Sənin hədəfin istiqlalı qoruyub-saxlamaq olmalıdır. Hər bir ölkənin parlaq gələcəyi onun aydın, intellektual və xaraktercə güclü olan gənclərindən asılıdır.
Hazırda ictimai və milli şüur cəhətdən ölkəmizdə böhran yaşanır və hədəfimiz cəmiyyəti ideoloji boşluqdan çıxarmaqdır.
Elə bir Azərbaycan quracağıq ki, heç bir vətəndaş bu ölkədən küsməyəcək, buradan qaçmaq istəməyəcək. Bütöv Azərbaycanı siz gənclərlə quracağıq", - deyə Anar Əsədli bildirib.
Gənclər Təşkilatı təsis edildikdən sonra seçilən İdarə Heyətinin üzvlərinin kimlikləri bəlli olub, onlar aşağıdakılardır:
İdarə Heyətinin üzvləri:
1. Sahil Abdullayev – Xəzər Universitetinin IV kurs tələbəsi, İxtisası: mexaniki mühəndisliyi
2. Məhiyəddin Yusifov – Memarlıq və İnşaat Universitetinin IV kurs tələbəsi
İxtisası: mexanika mühəndisi
3. Pərvanə Şıxəliyeva – orta məktəb müəllimi
İxtisası: tarixçi
4. Mirkamil İsmayılzadə - Vətən müharibəsi veteranı
İxtisası: mühəndis
5. Gülşən İmanzadə - Şəhid leytenant Ayaz İmanzadənin həyat yoldaşı
İxtisası: ibtidai sinif müəllimi
6. Şahin Quliyev - UNEC-in magistr
İxtisası: iqtisadçı
7. Nadir Əsədli – Ankara Qazı Universitetinin tələbəsi
İxtisası: tibb
8. Nurel Kərim – Bakı Dövlət Universitetinin magistrı
İxtisas: Beynəlxalq münasibətlər
9. Jalə Allahverdiyeva – jurnalist