“İqtidar daxilində İlham Əliyevə qarşı güclü komanda var…” – Adil Əliyevdən ŞOK AÇIQLAMA (VİDEO)

15:47 18 İyul 2022

Adil Əliyev: “Korrupsioner komandanın bütün üzvləri hakimiyyətdən uzaqlaşdırılmayanadək Azərbaycan rahat nəfəs ala bilməyəcək”

“Azərbaycanda 5-ci kolonla bəzi müxalif qüvvələr dövlətçiliyimizə qarşı ittifaq qurublar” 

“Hesab edirəm ki, əlillərimizin ruhdan salınması və intihara sürüklənəcək qədər motivasiya edilməsi qəsdən yürüdülən siyasətdir və nə yazıq ki, bu məsələdə bir sıra müxalif qüvvələrlə yanaşı hakimiyyətdəki 5-ci kolonun nümayəndələri də birgə fəaliyyət göstərirlər. Daha açıq deyəcəyəm; Azərbaycanda 5-ci kolonla bəzi müxalif qüvvələr dövlətçiliyimizə qarşı ittifaq qurublar. Niyyətləri isə Azərbaycanın 3-ci Qarabağ döyüşlərində məğlubiyyətinə nail olmaqdır. Görünür, Prezident İlham Əliyevin 44 günlük müharibədən sonra qazandığı nüfuz və son zamanlar korrupsiya və rüşvətxorluğa qarşı apardığı mübarizə həm müxalifətdəki, həm də iqtidardakı düşmənlərini narahat edir və onları eyni mərkəzdə birləşdirir”.

Sitat/info xəbər verir ki, bu fikirləri Milli Məclisin sədr müavini Adil Əliyev “Musavat.com”-a müsahibəsində bildirib.

Jurnalistin “Belə çıxır ki, Azərbaycan iqtidarı da monolit deyil. Hakimiyyətdə İlham Əliyevə qarşı fəaliyyət göstərən güclü komanda var…” sualına cavab olaraq isə  Adil Əliyev sensasiyalı açıqlamalar verib:

-Əlbəttə, bu, artıq sirr deyil ki. Bilirsiniz ki, uzun illər Prezident Administrasiyasının rəhbəri vəzifəsini icra edən Ramiz Mehdiyev məhz bu təxribatçı əməllərinə görə işdən qovuldu. Baxmayaraq ki, bu, açıq şəkildə ifadə olunmasa da, əsas səbəb Ramiz Mehdiyevin təxribatçı əməlləri idi. Bu adam əlində olan səlahiyyətlərindən istifadə edərək əksər dövlət strukturlarına özünə bağlı kadrları yerləşdirib. Dövlət əmlakını tar-mar edən bu kadrlar qəsdən dövlət ilə xalq arasında uçurumlar yaradır. Korrupsioner məmurların hamısı onun ətrafında cəmləşdirən Ramiz Mehdiyev PA-dan qovulduqdan sonra da rahat dayanmadı. AMEA-nın prezidenti işlədiyin zamanlar tez-tez köhnə məmurları öz ətrafına toplayıb onları təlimatlandırdığına dair məlumatlar var. Sonunda AMEA-dakı yerindən də uzaqlaşdırıldı. Kreslosunu isə öz adamına buraxdı. Düzdür, hələ ki, Arif Həşimov AMEA-nın prezidenti vəzifəsinə təyin olunmayıb, sadəcə bu vəzifənin icraçısı kimi fəaliyyət göstərir, amma onun da Ramiz Mehdiyevin təlimatı ilə işlədiyi bəllidir. Görünür, buna görə də indiyədək rəsmən AMEA prezidenti vəzifəsinə gətirilməyib. Korrupsioner komandanın bütün üzvləri hakimiyyətdən uzaqlaşdırılmayanadək Azərbaycan rahat nəfəs ala bilməyəcək.

Ramiz Mehdiyevin ölkədəki radikal müxalifətlə də gizli əlaqələri var. Bu əlaqələr xüsusilə 2019-cu ildə üzə çıxdı. Bilirsiniz ki, Azərbaycan Prezidenti 2018-ci ilin sonunda Yeni il və Həmrəylik günü münasibətilə etdiyi çıxışında ölkədə institusonal və kadr islahatlarına başlayacağının anonsunu vermişdi. Üzərindən az keçməmiş, 2019-cu ilin 19 yanvarında Azərbaycanın radikal müxalifəti mitinq keçirməyi qərarlaşdırdı. Məqsəd prezidentə təzyiq göstərərək onu islahatlardan yayındırmaq idi. Məhz bu səbəbdən islahatları bir neçə ay təxirə salan ölkə başçısı ilk öncə DİN-də və DTX strukturlarında kadr dəyişikliyi apardı. Ardınca da bu islahatlar digər strukturları əhatə etdi.

Ramiz Mehdiyev komandasının maliyyələşdirdiyi radikal müxalifətin növbəti təxribatçı aksiyasının qarşısı alındıqdan və onlar hüquq-mühafizə orqanları tərəfindən yerinə oturulduqdan sonra ölkə başçısı ciddi kadr dəyişikliklərinəimza atdı. Ramiz Mehdiyev də 2019-cu ilin oktyabrında işindən uzaqlaşdırıldı. 

 

Prezidentin bu islahatları bir də 2020-ci ilin iyul ayında ermənilərin Tovuza hücumları ilə səngidi. Bir neçə aydan sonra 44 günlük müharibə başladı. Beləcə, Azərbaycan hakimiyyəti qarşısında daha prioritet məsələlər ortaya çıxdı. Son zamanlar ölkə başçısı yenidən kadr və institusional islahatlara başlamaq əzmi göstərir. Bu islahatların əsas məqsədi Avropa İttifaqına daha yaxın inteqrasiyadır. Bilirsiniz ki, Prezident bir neçə gün bundan əvvəl Avropa İttifaqı ilə yeni saziş bağlayacağını açıq şəkildə ifadə edib. Sözsüz ki, bundan Ramiz Mehdiyev komandasının da xəbəri olmaya bilməz. Təsadüfi deyil ki, indi də həm hakimiyyətdəki bəzi qüvvələr, həm də radikal müxalifət yenidən fəallaşmağa başlayıb. Halbuki, özünü demokrat adlandıran müxalif qüvvələr Azərbaycanın Aİ-yə inteqrasiyasına hər kəsdən daha çox maraqlı olmalı və İlham Əliyevin bu təşəbbüsünü dəstəkləməlidirlər. Amma onlar tamamilə əks mövqe tutaraq, həssas nöqtələrimizlə oynayırlar.



Xəbər xətti