Zelenski gizli düşməni hədəf aldı - "Addım-addım irəliləyirik..."

11:05 19 İyul 2022

Rusiya prezidenti Putinin göstərişi ilə fevralın 24-ü səhər saatlarında başlayan müharibə bütün sürəti ilə davam edir. Ölkənin ürəyi olan Kiyevi mühasirəyə alan, lakin bütün cəhdlərə baxmayaraq onu işğal edə bilməyən Rusiya Ukraynanın qərbini özünə hədəf seçdi və bütün gücü ilə bu bölgəni hədəfə aldı. Bu strategiya dəyişikliyinin bəhrəsini görən Rusiya kritik əhəmiyyətli şəhərləri bir-bir ələ keçirərkən, Ukrayna rəhbərliyi də radikal qərarlar verməkdə davam edir.

SİTAT.İNFO xəbər verir ki, Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanov və Ukraynanın baş prokuroru İrina Venicetovanı vəzifəsindən azad etdiyini açıqlayaraq bir daha diqqət çəkib.

"New York Times" bu gəlişməni "Zelenski gizli düşməni hədəf aldı" başlığı ilə oxucularına açıqladı və xəbərdə bunun Zelenskinin Ukraynanın müharibə səylərini sarsıdan ünsürlərə qarşı daha aqressiv yanaşmasına işarə olduğu qeyd edildi.

NYT-nin bu şərhi haqlı idi. Xəbərin dərcindən bir neçə saat sonra Zelenski yeni qərarlarını ictimaiyyətlə bölüşdü.


Əl-Cəzirə telekanalında yer alan xəbərə görə, Zelenski hər axşam etdiyi videoçıxışında Ukrayna Təhlükəsizlik Xidmətində  “kadr islahatının” davam etdiyini və 28 məmurun işdən çıxarılmasına qərar verildiyini bildirib.
"Fərqli səviyyələr, fərqli maraq dairələri. Lakin səbəblər oxşardır” deyən Zelenski işdən çıxarılanların fəaliyyətinin yetərli olmadığını vurğulayıb. Zelenski həmçinin deyib ki, Ukrayna silahlı qüvvələri işğal olunmuş ərazilərdə Rusiya qüvvələrinə xeyli itki verib.

Rusiyanın logistik xətlərini hədəf alan hücumlardan danışan Zelenski nikbin danışıb: "Addım-addım irəliləyirik. İşğalçıların ləvazimatlarını götürürük, əməkdaşlıq edənləri açıb zərərsizləşdiririk. Nəticə aydındır. Ukrayna bayrağı bütün şəhər və kəndlərimizdə olacaq. Bu, yalnız vaxt məsələsidir". 

1028 yaşayış məntəqəsinin rus işğalçılarından azad edildiyini bildirən Ukrayna lideri 2621 yaşayış məntəqəsinin hələ də düşmən nəzarətində olduğunu bildirib.

Lamiyə Xəqani,

SİTAT.İNFO



Xəbər xətti