Bu gün “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi Milli Mətbuatın 147 illiyi ilə əlaqədar tədbir keçirib.
Tədbirdə İqtisadiyyat Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və digər dövlət qurumlarının nümayəndələri, eləcə də media təmsilçiləri iştirak ediblər.
"Xəmsə" şadlıq sarayında təşkil olunan tədbirdə Assosasiyanın İdarə Heyətinin sədri, iş adamı Mürvət Həsənli çıxış edərək jurnalistləri təbrik edib və sahibkarlara göstərdiyi dəstəyə görə media mənsublarına öz təşəkkürünü bildirib:"Bir müddət əvvəl dünya bazarında soya, günəbaxan və digər yem məhsullarının qiymətinin ciddi şəkildə artması bizdə də toyuq ətinin qiymətinin artmasına səbəb olmuşdu. Toyuq yemi üçün idxal olunan xammal məhsullarından ƏDV-nin ləğv olunması işimizi xeyli asanlaşdırdı. Bundan sonra iri ticarət müəssisələri ilə quş əti istehsalçıları arasında yaranan anlaşılmazlıq da aradan qalxdı. Medianın bu məsələləri işıqlandırması da bu problemlərin həllini sürətləndirdi".
Daha sonra tədbirdə sahibkarlarla işləyən dövlət qurumlarının rəsmilərinə də söz verildi. Onlar nümunəvi sahibkarlıq fəaliyyətinə görə tədbir təşkilatçılarına təşəkkür etdilər.
Tədbirdə jurnalistlər də çıxış ediblər, onlar göstərilən diqqətin təqdirəlayiq olduğunu vurğulayıblar./Musavat.com