Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sitat.info sərəncamın mətnini təqdim edir:
1. “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda (bundan sonra – Strategiya) nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini, icrasına nəzarəti və hesabatlılığını Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Strategiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.2. icrası davam etməkdə olan konsepsiya, strategiya, dövlət proqramı, milli fəaliyyət planları və bu kimi digər sənədlərin Strategiya ilə əlaqələndirilməsi istiqamətində zəruri tədbirlər görsün;
3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə Strategiyada dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuş tədbirlərin icrası üçün tələb olunan vəsaitin dövlət büdcəsinin 2023‒2026-cı illər üzrə proqnozlarında nəzərdə tutulması ilə bağlı zəruri tədbirlər görsün.
***
Prezident İlham Əliyev “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 2, maddə 135) 2.1-ci və 2.2-ci bəndlərində “2021‒2025-ci” sözləri “2022‒2026-cı” sözləri ilə əvəz edilsin.
***
Prezident İlham Əliyev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
“İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 684, № 7, maddə 1261; 2017, № 11, maddə 1836) aşağıdakı dəyişikliklər edilsin:
1. 3.1-ci bənddə “3” rəqəmi “10” rəqəmləri ilə əvəz edilsin.
2. 7-ci hissədə “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilsin.
3. Həmin Fərmanla təsdiq edilmiş “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi”nin 5.1-ci bəndində “3” rəqəmi “10” rəqəmləri ilə əvəz edilsin.
***
Prezident İlham Əliyev “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 1984 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 1984 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 740) birinci hissəsi aşağıdakı redaksiyada verilsin:
“İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:
Müşahidə Şurasının sədri
Azərbaycan Respublikasının Baş naziri
Müşahidə Şurasının üzvləri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru.”.
***
Prezident İlham Əliyev “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:
Müşahidə Şurasının sədri
Emin Hüseynov – Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Müşahidə Şurasının üzvləri
Səməd Bəşirli – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Sarvan Cəfərov – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Namiq Hümmətov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini
Azadə Hüseynova – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
***
Prezident İlham Əliyev “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:
Müşahidə Şurasının sədri
Vahid Hacıyev – Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Müşahidə Şurasının üzvləri
Sahib Məmmədov – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Sarvan Cəfərov – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Vüqar Kərimov – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Namiq Hümmətov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
***
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1527 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1527 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1392) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissədə “10589701,9” və “12789674,6” rəqəmləri müvafiq olaraq “15789147,9” və “11597136,5” rəqəmləri ilə əvəz edilsin;
1.2. 2-ci hissə üzrə:
1.2.1. 2.1-ci bənddə “8578995,4” rəqəmləri “14993401,2” rəqəmləri ilə əvəz edilsin;
1.2.2. 2.3-cü bənddə “23290,0” rəqəmləri “21760,0” rəqəmləri ilə əvəz edilsin;
1.2.3. 2.4-cü bənddən “1216792,9” rəqəmləri çıxarılsın;
1.2.4. 2.5-ci bənddə “765340,0” rəqəmləri “768703,1” rəqəmləri ilə əvəz edilsin;
1.2.5. “Gəlirlərin məbləği” sütununun “Cəmi” sətrində “10589701,9” rəqəmləri “15789147,9” rəqəmləri ilə əvəz edilsin;
1.3. 3-cü hissə üzrə:
1.3.1. 3.1-ci bənddə “12710000,0” rəqəmləri “11517500,0” rəqəmləri ilə əvəz edilsin;
1.3.2. 3.2-ci bənddə “27836,0” rəqəmləri “27797,9” rəqəmləri ilə əvəz edilsin;
1.3.3. 3.3-cü bənddə “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli 2931 nömrəli Sərəncamında nəzərdə tutulan Dövlət Proqramının” sözləri “Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın” sözləri ilə əvəz edilsin;
1.3.4. “Xərclərin məbləği” sütununun “Cəmi” sətrində “12789674,6” rəqəmləri “11597136,5” rəqəmləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu Fərmandan irəli gələn məsələləri həll etsin.
***
Prezident İlham Əliyev “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli 1673 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
“Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli 1673 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1969) aşağıdakı dəyişikliklər edilsin:
1. Adında “pilot layihələrin həyata keçirilməsi tədbirləri” sözləri “layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər” sözləri ilə əvəz edilsin.
2. 1-ci hissə üzrə:
2.1. birinci abzasdan “pilot” sözü çıxarılsın;
2.2. həmin hissə ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
Komissiyanın sədri
Azərbaycan Respublikasının energetika naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri”;
2.3. 1.2.1-ci yarımbəndə “sahələrinin” sözündən sonra “və su obyektlərinin” sözləri əlavə edilsin və həmin yarımbənddən “bir ay müddətində” sözləri çıxarılsın;
2.4. 1.2.2-ci yarımbənddən “bir ay müddətində” sözləri çıxarılsın;
2.5. 1.2.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“1.2.3. beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə, elektrik enerjisinin satınalınması müqaviləsinin, elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması müqaviləsinin, investisiya müqaviləsinin və tələb olunan digər müqavilələrin hazırlanmasını təmin etsin;”;
2.6. 1.2.5-ci yarımbənddən “bir ay müddətində” sözləri çıxarılsın, həmin yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 1.2.6-cı yarımbənd əlavə edilsin:
“1.2.6. investorlara tətbiq edilən təşviq mexanizmlərinin genişləndirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.”.
3. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:
“2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.”.