Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluq edərək cinayət törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sitat.info-ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus fərdi yaşayış evlərinə qanunsuz olaraq daxil olub, oradan qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən, yetkinlik yaşına çatmayan dörd nəfər rayon sakini saxlanılıb.
Araşdırmalar zamanı saxlanılan şəxslərin müxtəlif vaxtlarda rayonun Qaraxanlı və Xatınlı kəndlərində 10-a yaxın vətəndaşın evindən qızıl-zinət əşyaları və nağd pul oğurladıqları məlum olub.
Vətəndaşlara 20 000 manatdan çox maddi ziyan vuran şəxslər törətdikləri cinayət əməllərini etiraf ediblər. İstintaq-əməliyyat tədbirləri nəticəsində həmin şəxslərə oğurladıqları əşyaları satmaqda köməklik edən şəxs də saxlanılıb.
Faktlarla bağlı Tovuz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.