Fotoda naziri tapın - Nərgiz Liftiyevanın KÖŞƏSİ (VİDEO)

14:20 27 İyul 2022

Öncə bu fotoda naziri tapın. Alınmadısa , ardını oxuyun...

Bu gün təhsil naziri Emin Əmrullayevin jurnalistlər üçün keçirdiyi brifinqdə idim. Nazir 2026-cı ilə qədər görüləsi işlərdən danışırdı.

Amma jurnalistlərin çoxu onu nə görürdü, nə də eşidirdi. Təəccüblüdür, elə deyilmi?

Əvvəla, tədbir şəhərin mərkəzində gözəl məktəblərin birində idi. Amma problem orasındaydı ki, 6-cı mərtəbədəki brinfinq zalına lift işləmirdi. Müxbirlər deyinə-deyinə çıxdı, əslində sağlamlığa da xeyirdi. Amma daha böyük çətinlik ağır ştativ və kamera daşıyan operatorların üzərinə düşdü.
Girişdə yoluxmalar artır deyə maska payladılar, incə davranış xoş oldu. 
Tədbir zalında stollar pandemiya qaydalarına uyğun məsafəli qoyulmuşdu. 


Problem o idi ki, ilk iki cərgə nazirliyin əməkdaşları oturmuşdu, sonrakı cərgədə kameralar və kameramanlar düzülmüşdü. Ştativlərin dəmirbarmaqlıqları arxasında da qərib jurnalistlər əyləşmişdi. Nazirin səsi isə arxa sıralara gəlib çatmırdı, Emin müəllimi ancaq öz işçiləri dinləyirdi. Mikrafon səsgücləndirici idi, yoxsa səsboğucu, onu da bilmədik. 

Sonradan narazılıq edənləri qabağa sıxlaşdırdılar, burada da girişdə qoruduqları pandemiya qaydaları pozuldu. Nazir danışdıqca müxbirlər eşitmək üçün ayağa qalxıb zalın bir küncündə toplaşdılar, yavaş-yavaş qabağa irəlilədilər. Səs elə bir səviyyədəydi ki, milçək vızıldasa mane olar.

Bu yazını yazmaq fikrim yox idi, çünki iradımı nazirə də bildirdim. Amma sonradan müxbirlərlə söhbətdə məlum oldu ki, bu ilk deyil. Artıq neçənci brifinqdir ki, jurnalistlər naziri rahat şəkildə görmək və eşitmək imkanından məhrum olurlar. 
Onların 2 saata yaxın ayaq üstə durması da heç kimi narahat etmədi. Baxmayaraq ki, nazirliyin mətbuat xidmətinin əməkdaşları olduqca səmimi insanlardır,  jurnalistlərlə yaxın münasibətləri var. 

Amma IV hakimiyyətə az da olsa hörmət edilməsini təmin etməsək sözümüzün nə dəyəri olacaq?

Adətən brifinqlərdə hansısa dövlət qurumunun əməkdaşları ona görə oturur ki, öz sahələrinə aid bəzi sualları cavablandırırlar. Amma burada bütün suallara Emin Əmrullayev səmimi və rahat şəkildə özü cavab verirdi. Bu əməkdaşları ora düzməkdə məqsəd jurnalistlərlə nazirin arasına sədd çəkmək idisə, bunu da demək haqsızlıq olar. Çünki açıq mikrofonda hamı birbaşa sualını verdi, burada bir məhdudiyyət yox idi. Canlı yayımlanan brifinqi orada olmayanlar daha rahat görə və eşidə bilirdilər. 
O zaman səbəb nədir? Niyə bu hal neçənci dəfədir təkrarlanır? Özü də prezidentin etimad edərək təyin etdiyi gənc nazir tərəfindən...  
Gənc kadrlar bürokratik görünmür, səmimi davranışları ilə xalqdan biri kimi görünürlər. Bütün problemlərin kökü onlardan öncəyə  dayanır, türklərin sözü olmasın, mahcub olsalar da, günahkar deyillər. Belə bir tutunacaqları da var. Problemlərin günahını xalqın üzərinə atmağı peşəkar bacarırlar, cəmiyyətin psixoloji tərəflərini gözəl analiz edirlər. Amma jurnalistlərə münasibətdəki ərkyana hörmətsizliyə də göz yuma bilmərik.

Nərgiz LİFTİYEVA
SİTAT.İNFO

@www.sitat.info Jurnalist Təhsil Nazirinə İRAD TUTDU#təhsilnaziri #eminəmrullayev #təhsil ♬ original sound - Sitat.info




Xəbər xətti