“Beerlin Pub”da müştərini öldürən mühafizəçinin cəzası bəlli oldu

15:42 27 İyul 2022

Bakıda məşhur "Beerlin Pub"da müştərini öldürməkdə təqsirləndirilən mühafizəçi Orxan Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Sitat.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin çıxardığı hökmə əsasən, O.Şahbazov 10 il müddətə azadlıqdan məhrum edilib.

O.Şahbazovun vəkili Ceyhun Yusifov bildirib ki, müvəkkilinin ittiham olunduğu hər iki maddə digər maddələrə tövsif olunub: "Ədalətli məhkəmə araşdırması nəticəsində Orxan Şahbazovun əməli Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsindən (xuliqanlıq niyyəti ilə adam öldürmə) 126.3-cü maddəsinə (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) tövsif olundu. Eyni zamanda Cinayət Məcəlləsinin 221.1-ci maddəsi (xuliqanlıq) ilə ittiham olunduğu əməl də tövsif edilərək ədalətli qərar çıxarıldı".

Dövlət ittihamçısı Orxan Şahbazovun 17 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Orxan Şahbazov ötən il avqustun 29-da "pub"a gələn müştəri Vüqar Mustafayevi başından vuraraq ölümünə səbəb olub. V.Mustafayev uzun müddət Ukraynanın Azərbaycandakı Səfirliyinin əməkdaşı işləyib. O, eyni zamanda Təhsil Nazirliyində 21 il idarə rəisi, daha sonra isə şöbə müdirinin müavini işləyən İlham Mustafayevin oğludur.

Orxan Şahbazov isə uzun illər fitness-məşqçi kimi fəaliyyət göstərib və sosial şəbəkələrdə tanınan şəxs olub. O, bir sıra məşhur simaların özəl mühafizəçisi işləyib.



Xəbər xətti