Bakıda xaricdə təhsil alan gəncləri birləşdirən “ASAP Forum 2022” öz işinə başlayıb.
Sitat.info xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə "ASAP Forum 2022"nin Bakıda Gülüstan sarayında açılış mərasimi keçirilib.
Forum çərçivəsində 23 ölkənin 90-dan çox universitetində təhsil alan və məzun olmuş 300-dən çox gənc bir araya gəlib.
Tədbirdə Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edib.
O bildirib ki, Forumdan növbəti 3-4 günü ərzində xaricdə təhsil alan tələbələr və məzunlar yararlanacaq:
"Onlar bir çox dövlət qurumları və ictimai xadimlərlə müzakirələr aparacaqlar. Əminəm ki, bu müzakirələr həm dövlətimiz, həm də ASAP-ın özünün inkişafı üçün, eyni zamanda fərqli sahələrdə maraqlı təşəbbüs və layihələrin ərsəyə gəlməsində əsas olacaqdır. Həmçinin Forum çərçivəsində fərqli təhsil pillələri və ixtisas sahələri üzrə tamamilə müxtəlif regionlarda təhsil alan tələbələrin bir araya toplaşması, həm də gənclərin sosiallaşması, fərdi inkişafı və ən vacibi Azərbaycanın maraqlarını ölkə hüdudlarından kənarda daha da yüksək səviyyədə təşviq olunmasına təkan verəcəkdir".
Fərid Cəfərovun sözlərinə görə, dövlət başçısı tərəfindən müəyyən olunmuş gənclər siyasətinin əsas qayəsi hər bir gəncin təhsilli, savadlı, vətənpərvər və sağlam yetişməsidir.