AMEA-nın nadir arxivinin talanması ilə bağlı məlumat yayılıb.
Sitat.info Yenipress.az-a istinadən xəbər verir ki, bu barədə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq mətbuat katibi, tanınmış jurnalist Araz Qurbanov məlumat yayıb.
O, olduqca maraqlı bir tarixi xatırladıb:
“1996-cı ildə Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan Milli Elmlər Akademiyasının fondundan nadir kitabların oğurlanması və ölkədən çıxarılması cəhdinin qarşısı alınmışdı. Müəyyən edilmişdi ki, Ukrayna vətəndaşı, etnik Krım tatarı olan “alim” Bakıya gələrək, Akademiyanın kitabxanasında “elmi araşdırmalar” aparmağa başlamışdır. Kitabxana işçilərinin etibarını qazandıqdan sonra onların məsuliyyətsizliyindən yararlanaraq, burada saxlanılan XVIII-XIX əsrlərə aid xeyli sayda unikal (bəzilərinin yalnız Bakı nüsxəsi qalmışdır) kitabın fonddan çıxarılmasına nail olmuşdur. Oğru ifşa edilmiş, yaşadığı mənzildən həmin nadir kitablar götürülmüşdü. “Alim” bu cinayəti Ukraynadakı erməni iş adamının sifarişi ilə pul müqabilində törətdiyini etiraf etmişdi. Qeyd edim ki, həmin kitablar Şimali və Cənubi Qafqazda, Rusiyanın cənubunda, Ukraynada yaşayan türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin qədim tarixinə, etnogenezinə, etnoqrafiyasına aid idi. Məsələn, karalar (karaylar, karaimlər) haqqında olan kitabda (XIX əsr) bir fikir indiki kimi yadımdadır: “Karaimlərin dili, folkloru, adətləri ən çox Azərbaycan tatarlarının (türklərinin) dili və mədəniyyətinə yaxındır…”
A.Qurbanov bu hadisəni xatırlatmağının səbəbini açıqlayıb. Bildirib ki, erməni yalanlarının ifşası, Azərbaycan tarixinin obyektiv öyrənilməsi üçün tutarlı faktları, sənədləri, kitabları az qala gündüz çıraqla axtarırıq:
“Tədqiqatçılar yaxşı bilir: kitabxanalarda, arxivlərdə bir çox əsərin, sənədin adları, inventar nömrəsi olduğu halda, özü artıq yoxdur. Bəzən isə həmin əsərin Bakı nüsxələrinin səsi başqa ölkələrdən çıxır. Görünür, hələ də irsimizə lazım olan qədər sahib çıxa bilmirik…”
Onun sözlərinə görə, AMEA-nın ləğv ediləcəyi haqda söz-söhbət yayıldıqdan sonar arzuolunmaz bir proses başlayıb:
“Belə ki, Akademiyanın ləğv olunmasını ehtimal edən bəzi üzdəniraq alimlər sanki dövlətə ziyan vurmaq üçün nadir və qədim sənəd və kitabları, görkəmli elm xadimlərinə aid əlyazmaları, fotoşəkilləri, eksponatları gizli şəkildə AMEA-dan çıxarmağa, mənimsəməyə, mənzillərə daşımağa başlamışlar”.
A.Qurbanov bunun qarşısını almağa çağırış edib.