Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib.
Sitat.info xəbər verir ki, bu barədə nazirliyin Feysbuk səhifəsində yayılan məlumatda bildirilib.
"Son günlər sosial şəbəkələrdə müxtəlif adlar altında Vətən müharibəsi və təlimlər zamanı Azərbaycan Ordusunun fəaliyyətini, hərbi kolonların, eləcə də döyüş texnikalarının hərəkətini əks etdirən foto və video görüntülər yeni məlumat kimi paylaşılır.
Bildiririk ki, xidməti fəaliyyət ilə bağlı Azərbaycan Ordusunun şəxsi heyəti və döyüş texnikası təlim mərkəzlərinə, ümumqoşun poliqonlarına mütəmadi olaraq hərəkət edir.
Bir daha sosial şəbəkə istifadəçilərini və əhalini belə köhnə görüntüləri yeni video adı altında yaymamağa və ictimaiyyət arasında çaşqınlıq yaratmamağa çağırırıq.
Vətəndaşlarımıza yalnız öz təsdiqini tapmış və Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində (www.mod.gov.az), həmçinin sosial şəbəkə hesablarında paylaşılan məlumatlara istinad etməyi tövsiyə edirik", - məlumatda qeyd edilib.