Prezident İlham Əliyev Ucar rayonunun Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolunun tikintisi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.
Sitat.info xəbər verir ki, sərəncamla iyirmi doqquz min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.12-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 10,1 milyon manat ayrılıb.
***
İlham Əliyev “Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 10, maddə 870; 2014, № 12, maddə 1630; 2016, № 7, maddə 1315; 2018, № 8, maddə 1678; 2019, № 11, maddə 1699; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 3279 nömrəli Sərəncamı) preambulasının ikinci abzasına “saxlanılmasını” sözündən sonra “, habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə əlaqədar avtomobil yollarının çəkilməsi məqsədilə torpaqların dövlət ehtiyacları üçün alınması, eləcə də fiziki və hüquqi şəxslərin əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı kompensasiyaların tam ödənilməsini” sözləri əlavə edilsin”, - sərəncamda qeyd olunub.