ABŞ Əfqanıstanda silahlı pilotsuz təyyarədən atılan raketlə "Əl-Qaidə" terror təşkilatının lideri Ayman əz-Zəvahirini öldürüb.
Amerikanın Associated Press (AP) xəbər agentliyinin “təcili” kodu ilə paylaşdığı xəbərlə dünya Zəvahirinin gecə yarısı 00:27-də öldürüldüyünü öyrəndi.
SİTAT.İNFO xəbər verir ki, ABŞ-ın hədəfində olan adın dünyanın ən çox axtarılan terrorçular siyahısında birinci yeri tutan Ayman əz-Zəvahiri olduğunu açıqlayıb.
Ağ Ev bazar ertəsi axşam Əfqanıstanda uğurlu əks-terror əməliyyatının keçirildiyini və prezident Co Baydenin kameralar qarşısına keçəcəyini açıqlayıb.
Yerli vaxtla saat 19.30-da mətbuat konfransı keçirən ABŞ liderinin açıqlamaları bütün televiziyalarda canlı yayımlanıb. "Ədalət öz yerini tapdı və bu terrorçu lideri artıq yoxdur" deyən Co Bayden əlavə etdi:
"Prezidentlər Buş, Obama və Trampın dövründə yorulmadan Zəvahirini axtardıqdan sonra kəşfiyyat qrupumuz bu ilin əvvəlində Zəvahirinin yerini müəyyənləşdirdi. O, ailə üzvləri ilə birləşmək üçün Kabilin mərkəzinə köçmüşdü. Bu missiya digər mülki şəxslərə zərər verməmək üçün diqqətlə planlaşdırılmışdı. Risk minimuma endirildi və bir həftə əvvəl şərtlərin uyğun olduğunu söylədikdən sonra onu bitirmək üçün son icazəni verdim və missiya uğurla başa çatdı."
Əfqanıstanda dron hücumu bazar günü günorta paytaxt Kabildə baş verib. Ağ Ev öldürülən şəxsin Zəvahiri olduğu təsdiqlənənə qədər heç bir açıqlama verməyib.
11 sentyabr hücumlarını planlaşdıran və koordinasiya edən “Əl-Qaidə”nin təşkilatçısı kimi tanınan terror liderinin yeri 6 ay əvvəl bəlli olub.
Bir kəşfiyyat rəsmisinin sözlərinə görə, Əl-Qaidə lideri Zəvahirinin öldürüldüyü ev Talibanın yüksək səviyyəli lideri Siracedden Haqqani-nin məsləhətçilərindən birinə məxsusdur.
Zəvahirinin Kabildəki evlərdən birinin eyvanına pilotsuz təyyarədən atılan raketlə hədəf alındığı bildirilir.
Əfqanıstanda hakimiyyəti əlində saxlayan Taliban administrasiyası hava hücumunu təsdiqləsə də, Zəvahiri və digər ölümlər barədə məlumat verməyib. Taliban hücumu qətiyyətlə pisləyib və iddia edib ki, pilotsuz təyyarədən atılan raket Amerika qüvvələrinin Əfqanıstandan çıxarılmasına icazə verən razılaşmanı pozur.
Lamiyə,
SİTAT.İNFO