Laçın dəhlizinin Ermənistandan keçən hissəsi yazda hazır olacaq

12:07 4 Avqust 2022

“Laçın dəhlizinə alternativ yolun tikintisi yazda bitəcək. Tikinti başlayıb, texnika işləyir, yol çəkilir”.

Sitat.info Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Qnel Sanosyan bildirib.

“Biz onu üç hissəyə bölmüşük və fəal işləyirik”, - o əlavə edib.

Qeyd edək ki, erməni silahlı dəstələri 1992-ci il may ayının 18-də Laçını işğal etmişdilər. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Laçının bir neçə kəndi işğaldan azad olunub.

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb. Lakin Laçın şəhəri və bir neçə yaşayış məntəqəsi dəhlizə düşdüyü üçün Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında qalıb.

Azərbaycan hökuməti Laçının mərkəzindən yan keçən yeni yol çəkib. Yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.

Yeni yol dəhliz kimi istifadə olunacaq. Bundan sonra Laçın şəhəri Azərbaycan Ordusunun nəzarətinə keçəcək.



Xəbər xətti