İyulun 19-da İranın paytaxtı Tehranda bir araya gələn Türkiyə və Rusiya liderləri bu gün Qara dəniz sahilindəki kurort mərkəzi Soçidə görüşür. Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putinin görüşündən əvvəl açıqlama verən Kreml Türkiyənin Suriyada təhlükəsizliklə bağlı narahatlıqlarının olduğunu qeyd edib.
Rusiyadan CNN Türk yayımına qatılan jurnalist Siamend Kaçmaz Soçi görüşündə Suriya mövzusunun n dərindən müzakirə ediləcəyini bildirib. “Soçi Suriyanın taleyinin təyin olunduğu şəhər kimi tarixə düşəcək” deyən Kaçmaz əlavə edib: “Çünki əvvəlki görüşlərdə burada qəbul edilən qərarların həqiqətən də meydanda çox dəyişdiyini gördük”.
Prezident Ərdoğan və rusiyalı həmkarı Putin ötən il sentyabrın sonunda da Soçidə görüşüb. Jurnalist Kaçmaz da xatırladır ki, liderlərin Soçidəki görüşləri bu günə qədər heç vaxt qısa olmayıb.
Rusiya lideri Putin Soçiyə getməzdən əvvəl Moskvada Təhlükəsizlik Şurasını toplayıb. Kreml yüksək rütbəli hərbçilərin iştirak etdiyi şura iclasında Türkiyə-Rusiya əməkdaşlığının qiymətləndirildiyini bildirir.
Erdoğan və Putin beynəlxalq diplomatiyada bir-biri ilə ən çox danışan liderlər sırasındadır. Moskvadan verilən açıqlamalarda iki liderin bu görüş barədə Tehranda keçirməyə qərar verdiyi bildirilib.
Dünya mediası ilk səhifəsində Qara dəniz sahilində keçirilən görüşdən xəbər verir. “New York Times” qəzeti həm ortaq, həm də düşmən kimi qələmə verdiyi Ərdoğan və Putinin Soçidə görüşəcəyini yazıb. Qəzet liderlərin üç həftədən az müddətdə ikinci dəfə üz-üzə görüşdüyünü vurğulayır.
Amerikanın Səsi, Qara dəniz sahilindəki görüşün əsas gündəminin taxıl anlaşması və Suriyanın şimalında mümkün əməliyyat olduğunu yazır: “Ərdoğan və Putin bir ayda ikinci dəfədir ki, görüşürlər” - deyir.
“Washington Post” qəzeti “Rusiya sanksiyaların təsirini azaltmaq üçün Türkiyə və digər ticarət tərəfdaşlarından kömək istəyir” başlıqlı xəbərində, Ukraynanın işğalından sonra artan sanksiyaların Moskvaya zərər verdiyini vurğulayır. Washington Post Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalara qatılmayan Türkiyənin Moskvanın ümidinə çevrildiyini vurğulayıb.
Qəzetin yazdığına görə, Ankara, sanksiyalardan yayınmaq üçün Türkiyəyə sərmayə qoymağı təklif edən Moskvaya müsbət cavab verməyəcək.
Moskvanın bank, enerji və sənaye sektorlarında Ankaraya təkliflər verəcəyi bildirir.
“Əl-Cəzirə” Ərdoğan və Putinin Rusiyadakı görüşünün İstanbulda imzalanan taxıl müqaviləsindən sonra baş tutduğunu vurğulayır.
Əl-Cəzirə telekanalının məlumatına görə, Ankaranın vasitəçiliyi ilə əldə olunan razılaşma qlobal ərzaq böhranı ilə bağlı qorxuları azaldıb.
Nərgiz,
SİTAT.İNFO