Cümə namazlarında Azərbaycanın Britaniyadakı səfirliyinə hücum pislənilib

17:46 5 Avqust 2022

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tövsiyələri əsasında məscidlərdə Cümə namazlarında xütbə zamanı avqustun 4-də Azərbaycanın Britaniyadakı səfirliyinin bir qrup radikal dini dəstənin hücumuna məruz qalması, dövlət atributlarına qarşı vandalizm aktı törədən qrup üzvlərinin binanın eyvanında şüarlar yazılmış parçaların asılması, radikal dini şüarlar səsləndirməsi qətiyyətlə pislənilib.

Bu barədə SİTAT.İNFO-ya Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat əldə edib.

Qeyd olunub ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə din xadimlərinin şəxsi təşəbbüsləri ilə bir sıra məscidlərdə dövlət bayrağının asılması ilə bağlı mütəmadi olaraq müraciətlər daxil olur və bu təşəbbüs Dövlət Komitəsi tərəfindən daim dəstəklənir.

“Bu gün bunu bir çox məscidlərimizdə müşahidə edə bilərsiniz. Belə ki, Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərdə dövlət bayrağı dalğalanır. Sözügedən nümunəvi addımı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dəstəkləməklə yanaşı, həm də təşviq edir”, - Dövlət Komitəsindən bildirilib.



Xəbər xətti