"Artıq fevralın 16-sı da oldu, amma və lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və onun tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu (DSMF), həmçinin Maliyyə Nazirliyi (MN) bizim qanunla qorunan Konstitusion haqqımızı ən kobud, ən saymazyana formada pozdu. Hələlik pozdu. Amma, bunun cavabı və sorğusu çox ağır və son dərəcə sərt olacaq".
Sitat.info xəbər verir ki, bu sözləri hərbi ekspert Üzeyir Cəfərov açıqlamasında bildirib.
O, vurğulayıb ki, bu qaba və saymazyana hərəkəti kimliyndən asılı olmayaraq heç kimə bağışlamayacaqlar: "Bunu təkcə öz adımdan deyil, sizlərin icazənizlə sayı 200 yüz mindən artıq Azərbaycan vətəndaşının adından bəyan edirik. Dünən fevral ayı üçün öz halal pensiya və təqaüdlərini alan insanlar bəlkə də son illərdə ilk dəfə müvafiq cavabdeh şəxslər olan Sahil Babayevi, Samir Şərifovu, Himalay Məmişovu və digərlərini ən mübarək sözlərlə, kəlamlarla, ifadələrlə yad etdilər. Elə bu dəqiqələrdə də bu yadetmə kompaniyası davam edir. Halalları olsun.
Ruhdan qətiyyən düşmək olmaz. Və xahiş edirəm ki, heç bir qanunazid hərəkət olmadan biz sakit, mədəni şəkildə öz işlərimizi davam edək və halal haqqımıza nail olaq. Əslində biz martın 8-i tarixini gözlüyürük ki, Nazirlər Kabineti yaranmış xoşagəlməz vəziyyətlə bağlı təkliflərini hazırlayıb yekunlaşdırsın və ölkə başçısına təqdim etsin. Sadəcə son ana qədər, fevralın 15-dək düşünürdük ki, ƏƏSMN və Maliyyə Nazirliyinin başıpapaqlıları özbaşınalıq edib bu qədər dərinə getməzlər və Ali Baş Komandanın ehtiyat qüvvəsi sayılan zabit, gizir, MAXE və xüsusi rütbəlilərin halal haqqına girməzlər. Amma, girdilər və özü də çox kobud və qanunsuzluq edərək bunu etdilər. Bu işə xeyir-dua verənlər də bir müddət sonra özləri də bu qərarlarına görə çox peşiman olacaqlar. Biz Azərbaycanın sadiq və etibarlı vətəndaşları kimi hər kəsə sübut edəcəyik ki, qanunları heç kimdən pis bilmirik və məhz qanunların dili ilə biz bu nonses hərəkəti, bu özbaşınalığı edən şəxslərə sübut edəcəyik".
Ü. Cəfərov sözlərinə görə, sosial media üzərindən o qədər narazılıq və narahatçılıq dilə gətirilir ki, sadəcə adamın ürəyi ağrıyır: " Bu xoşagəlməz vəziyyətə rəvac verənlər bir şeyi anlamalıdırlar ki, biz cəmiyyətin ən sayılıb-seçilən insanları olmuşuq və hər zaman da belə qalacağıq. Heç kimə də imkan verməyəcəyik ki, bizim haqqımıza girsinlər və bizi öz dar və axmaq təfəkkürlərində təhqir etsinlər. Cavablarını beş qat-on qat alacaqlar. Bunu çəkinmədən bəyan edirəm.
Növbəti addımlarımız da qanun çərçivəsində olacaq. Şəxsən mən xahiş və tələb edəcəyəm ki, bizim hərbçi kimi pensiya təminatımız hazırda təklif edildiyi kimi əmək pensiyası kimi deyil, məhz hərbi qulluqçuların pensiyası, dövlət qulluğunun mühüm qolu olan xidmətçi kimi əvvəlki kimi tənzimlənsin və hər bir qurumun pensiya işi onun mənsub olduğu güc strukturunun maliyyə strukturu tərəfindən hesablanıb təyin edilsin: "ƏƏSMN və DSMF kimi ştatları 10 dəfə, 20 dəfə şişirdilən dövlət və hökumət strukturlarının bu qədər hazıryeyən, müftəxor, savadsız əməkdaşlarını saxlanmasına əsla ehtiyac yoxdur. Bizim hesabımıza özləri üçün cəh-cəlal quran ƏƏSMN, DSMF və MN, o cümlədən digər lazımsız qurumların şişirdilmiş ştat vahidləri təcili ləğv olunmalı və dövlət büdcəsinə qənaət edilməlidir. Sabahdan başlayaraq biz bir tələb kimi hökumət qarşısında məsələ qaldıracağıq".
Milli Məclisin müvafiq komitələri və onların rəhbərləri!
Hörmətli Ombudsman (İnsan Haqları üzrə Müvəkkil) Səbinə xanım Əliyeva, gözlər sizdə!
Sizə də aiddir bizim bu müraciətlərimiz. Söhbət Azərbaycanın müdafiəsini və təhlükəsizliyini həyata keçirmiş və keçirən 100 mindən çox vətəndaşlarının haqlı narahatlığından gedir. Gözləriniz qarşısında hansısa özündənrazı nazir və ya icraçıların qanunları kobud sürətdə pozmaslndan gedir.
ƏƏSMN və MN-nin, DSMF-nin ağılsız və özbaşınalığına gələn aylarda siz özünüz də şahid olacaqsınız ki, onlar bu addımları ilə dövlətimizə qarşı sabotaj və təxribatla məşğuldurlar. Silahlı Qüvvələrə, güc strukturlarına hörmətsizlik göstərən insan və ya vəzifəli şəxs tarixin ən lənətlənmiş səhifəsində özünə yer tutur.
Bizim dediklərimiz haqq sözlərdir, bizim tələblərimiz haqlı və qanuni tələblərdir. Ona görə də, alnımız da açıq, üzümüz də ağdır xalqımız və dövlətimiz qarşısında".