Qlobal birjaları silkələyən HADİSƏ: Neft 50 dollara qədər ucuzlaşa bilər...

12:20 23 Dekabr 2025

"Yaxın həftələrdə Venesuela məsələsi, ya hərbi, ya da diplomatik yolla həll olunacaq. ABŞ şirkətləri zatən Venesuallada var – “Chevron” bu ölkədə ən böyük neft aktivlərinə malik ABŞ şirkətidir. ABŞ qısa müddətə Venesuela məsələsini istənilən halda həll edəcək və  dünyada ən böyük neft ehtiyatları olan ölkəyə nəzarəti tam ələ keçirəcək".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert, REAL partiyasının sədri Natiq Cəfərli deyib. 

O bildirib ki, bu durum neft qiymətlərinə də təsir göstərəcək: "Sanksiyalara və ABŞ-la pis münasibətlərə görə Venesuela indi gündəlik cəmi 1 mln. barelə yaxın neft hasil edir, amma, çox qısa zamanda hasilatı 2,5-3 mln. barelə, investisiya və texnologiyalar ölkəyə gəlsə, 3-5 ilə gündəlik 5 mln. barelə yaxın neft hasil edə bilər. Venesuela nefti “ağır” növə aiddir, qiyməti ucuzdur, amma, ABŞ-da uzun illərdir ki, məhz bu neftlə işləyə bilən onlarla zavod tikilib, indi həmin zavodlar Kanada neftini emal edir, amma, Venesueladan da neft almağa hazırdırlar.

Beləliklə, ABŞ Venesula neftinə tam nəzarəti ələ keçirdikdən sonra neftin qiyməti gələn il kəskin ucuzlaşacaq, qiymət koridorunun 50-55 dollar arasında olması ehtimalı çox yüksəkdir. Gələn il ABŞ-da ara seçkilərdir, orta statistik ABŞ seçicisi səsvermə zamanı əsas götürdüyü məsələlərdən biri benzin qiymətləridir – ucuzdursa, həmin dövrdə hakimiyyətdə olan partiyaya səs verir, həm də ona görə ki, benzin ucuz olanda inflyasiya da xeyli zəifləyir".

Bu durumun Çin və Rusiyaya siyasi-iqtisadi mənada təsirlərindən danışan N.Cəfərli lider dövlətlərin prosesdən faydalanacağını vurğulayıb: "Bundan başqa ucuz neft Rusiya üçün problem, Çin üçün isə üstünlükdür. ABŞ-ın yenilənmiş və 2 həftə öncə elan edilmiş “Monro” doktrinasına nə Çin, nə Rusiya mane ola bilməyəcəklərini anlayırlar. ABŞ-ın Venesuela məsələsini güclə həll etməsi  siyasi mənada Rusiyanın işinə yarayır – Ukrayna məsələsində ABŞ-dan güzəştlər almağı düşünür. Çinin isə həm iqtisadi, həm də siyasi olaraq işinə yarayır – ucuz neft Çinin iqtisadi üstünlüyünü artırır, güc tətbiqi Tayvan məsələsində Çinin əl-qolunu açır".

Neftin gələn il ortalama qiymətinin 50 dollar olması Azərbaycan üçün ciddi problemlər yaradacaq: "Bizdə hazırda hasilat da düşür, OPEC-in hasilat normasını belə doldura bilmirik. Qiymətin də enməsi ölkənin, onsuz da aşağı olan makroiqtisadi göstəricilərini daha da pisləşdirəcək. Hökumət azalan gəlirləri vətəndaşa yükləməyə çalışır, yanlış yoldur. Bu iqtisadi aktivliyi daha da azaldacaq, makro səviyyədə iqtisadi tənəzzülün qapısını açacaq". 

Gülxar,

Sitat.info



Xəbər xətti