Dünya bazarında neft ucuzlaşır: Brent 89 dollardan aşağı düşdü

Dünya bazarında neft ucuzlaşır: Brent 89 dollardan aşağı düşdü
TƏHLİL 24 Noyabr 2026 17:27

Dünya bazarında neftin qiyməti son üç ayın ən aşağı səviyyələrinə yaxınlaşıb. Buna səbəb qlobal neft təklifinin artması və bazarda mümkün təklif artıqlığı ilə bağlı gözləntilərdir.

Sitat.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, noyabrın 24-də səhər saatlarında Brent markalı neftin bir barelinin qiyməti 66 sent və ya 0,7 faiz azalaraq 88,71 dollara düşüb. ABŞ-ın WTI markalı nefti isə 60 sent və ya 0,8 faiz ucuzlaşaraq 79,57 dollar təşkil edib.

Analitiklərin fikrincə, Liviyada Şərara neft kəmərinin yenidən fəaliyyətə başlaması və qlobal bazarda təklifin artması qiymətlərə aşağı istiqamətdə təzyiq göstərir.

“Deutsche Bank”ın hesablamalarına əsasən, oktyabr ayında qlobal maye yanacaq ehtiyatları 52 milyon barel artıb. Bu isə gündəlik təxminən 1,7 milyon barel həcmində təklif artıqlığına işarə edir.

Bununla belə, Yaxın Şərqdəki gərginlik və Hörmüz boğazında gəmiçilik üçün yaranan təhlükələr neft bazarında qiymətlərin yenidən yüksəlməsi riskini saxlayır.

Qeyd edək ki, Azərbaycan iqtisadiyyatı üçün neft qiymətləri xüsusi əhəmiyyət daşıyır. Dünya bazarında neftin ucuzlaşması ölkənin ixrac gəlirlərinə və dövlət büdcəsinin neft gəlirlərinə təsir göstərə bilər.

Nigar,

Sitat.info