Brexitdən sonra ilk dəfə Britaniya Avropaya yaxınlaşması: London qərarını niyə dəyişir?
Böyük Britaniya ilə Avropa İttifaqı arasında münasibətlərin yenidən yaxınlaşdırılması istiqamətində danışıqlar aparılır. Tərəflər Brexit-dən sonra yaranmış iqtisadi maneələri azaltmaq, ticarəti asanlaşdırmaq və gənclərin qarşılıqlı səfərlərinə yeni imkanlar yaratmaq istəyirlər.
Reuters-in məlumatına görə, müzakirələrin əsas istiqamətləri ərzaq ticarətinin asanlaşdırılması, karbon bazarlarının əlaqələndirilməsi və gənclər üçün mübadilə proqramlarının yaradılmasıdır.
Bəs Britaniya niyə yenidən Avropaya yaxınlaşmağa çalışır?
Xatırladaq ki, 2016-cı ildə keçirilən referendumda britaniyalıların əksəriyyəti Avropa İttifaqından çıxmağa səs vermiş, ölkə 2020-ci ildə təşkilatı rəsmən tərk etmişdi. Brexit tərəfdarları bu qərarı milli suverenliyin gücləndirilməsi və iqtisadi müstəqilliyin əldə olunması kimi təqdim edirdilər.
Lakin sonrakı illərdə Britaniya şirkətləri Avropa bazarına çıxış zamanı əlavə gömrük prosedurları, sənədləşmə və sertifikatlaşdırma maneələri ilə üzləşdilər. Bu isə xüsusilə kənd təsərrüfatı və ərzaq sektorunda xərcləri artırdı.
Yeni razılaşmanın Britaniya iqtisadiyyatına ildə milyardlarla funt-sterlinq əlavə fayda gətirə biləcəyi bildirilir. Londonun hesablamalarına görə, yalnız ərzaq ticarətinin asanlaşdırılması iqtisadiyyata ildə 5,1 milyard, karbon bazarlarının əlaqələndirilməsi isə 3,8 milyard funt-sterlinqədək töhfə verə bilər.
Digər mühüm məsələ gənclərin qarşılıqlı səfərləridir. Tərəflər britaniyalı və avropalı gənclərin müəyyən müddət qarşı tərəfin ölkəsində yaşaması, işləməsi və təhsil alması üçün proqram yaratmağı müzakirə edirlər.
Bununla belə, Londonun Avropa İttifaqına tam qayıtmaq niyyəti yoxdur. Britaniya vahid bazara və gömrük ittifaqına yenidən qoşulmaq istəmədiyini bildirir. Yəni məqsəd siyasi müstəqilliyi qorumaqla Avropa bazarının iqtisadi üstünlüklərindən daha çox yararlanmaqdır.
Məsələnin siyasi tərəfi də diqqət çəkir. Rusiya-Ukrayna müharibəsi, enerji təhlükəsizliyi və ABŞ-la qlobal iqtisadi rəqabət Avropa ölkələrini daha sıx əməkdaşlığa sövq edir. Britaniya isə hərbi potensialı və iqtisadi imkanları ilə Avropa üçün mühüm tərəfdaş olaraq qalır.
Təhlillər göstərir ki, London Brexit qərarından tamamilə geri çəkilməsə də, onun iqtisadi nəticələrini yumşaltmağa çalışır. Əslində, Britaniya qarşısında çətin seçim dayanır: Avropanın iqtisadi imkanlarından yararlanmaq, yoxsa siyasi müstəqilliyi qorumaq? Hazırkı yaxınlaşma bu iki məqsədi uzlaşdırmaq cəhdi kimi görünür.
Nərgiz Liftiyeva,
Sitat.info