Azərbaycan uzaq Vyetnamdan nə alır? - TƏHLİL
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnamda rəsmi səfərdədir. Səfərdən öncə, dövlət başçısı Vyetnam Xəbər Agentliyinə müsahibəsində iki ölkə arasında iqtisadi-ticari əlaqələrin ardıcıl şəkildə inkişaf etdiyini bildirib.
Azərbaycan uzaq Vyetnamdan nə alır?
2026-cı ilin yanvar-sentyabr aylarında ölkələr arasındakı 136 milyon dollarlıq ticarət dövriyyəsinin 134.9 milyon dolları Vyetnamdan idxaldır. Həmin müddətdə Azərbaycan Vyetnam ilə 641 məhsul növü üzrə ticarət əlaqəsi qurub.
Yalnız bu ilin 9 ayında Azərbaycan Vyetnamdan 188 min 684 ədəd smartfon idxal edib. Bunun üçün Vyetnam şirkətlərinə 73 milyon dollar ödənilib. Vyetnamdan idxalımızda texnika və avadanlıqlar üstünlük təşkil edir. Belə ki, həmin müddətdə uzaq Vyetnamdan kommutasiya qurğuları daxil olmaqla səsin, təsvirin və ya başqa məlumatların qəbul edilməsi, çevrilməsi və ötürülməsi və ya bərpası üçün maşınlar (4.9 milyon dollar), kütləsi 10 kq-dan çox olmayan portativ hesablayıcı maşınlar (4.6 milyon dollar), tozsoranlar (2.9 milyon dollar), məlumatların işlənməsinin rəqəm blokları, yaddaş qurğuları, giriş və çıxış qurğuları (2.5 milyon dollar), elekron modullar (2.4 milyon dollar), mikrofonla birləşdirilmiş və ya birləşdirilməmiş qulaqcıqlar və baş telefonları, mikrofondan və bir və ya bir neçə reproduktorlardan ibarət dəstlər (2.2 milyon dollar), keşyu fındığı (2.0 milyon dollar), iki və ya daha artıq əməliyyat yerinə yetirən, hesablama maşınına və ya şəbəkəyə qoşulma imkanı olan printerlər, surətçıxarma və faksmil aparatları (1.4 milyon dollar), doğranmamış və döyülməmiş Piper növlü istiot (1.4 milyon dollar), altlığı rezin və ya plastmasdan olan, üstü tekstil materiallardan olan ayaqqabılar (1.3 milyon dollar), statik dəyişdiricilər, telekommunikasiya aparatları, hesablayıcı maşınlar və onların blokları ilə istifadə olunan qurğular (1.1 milyon dollar), hesablayıcı maşınların yaddaş qurğuları (1.0 milyon dollar), tutumu 10 kq quru paltardan çox olan paltaryuyan maşınlar (959 min dollar), pərakəndə satış üçün formalarda və ya qablaşmalara qablaşdırılmış dərman vasitələri (835 min dollar), dondurulmuş naqqa baılğı (782 min dollar) və digər məhsulları idxal etmişik.
Həmin müddətdə Vyetnama idxalımızın 90 faizindən çoxunu tütün təşkil edib. 1.0 milyon dollar tütün ixracatı reallaşıb. Digər ixrac məhsullarımız isə kiçik rəqəmlər ilə ifadə olunur.
Ölkələr arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Azərbaycan Prezidentinin səfərinin ölkələr arasındakı iqtisadi əməkdaşlığa təkan verəcəyi gözlənilir.
Deputat Vüqar Bayramov,
Sitat.info