“Kontakt Home”un işdən çıxardığı 3 uşaq atası çarəsiz durumda - VİDEO

Gündəm 20 Noyabr 2026 11:25

"Kontakt Home" şirkətinə məxsus "MD MMC Reset Servis" şirkətində  rəsmi müqavilə ilə fəhlə işləyən  3 uşaq atası Vüsal Nəcəfov  heç bir səbəb göstərilmədən işdən çıxarılıb və ardınca dövlətdən aldığı ünvanlı sosial yardım da kəsilib. 

Hazırda bütün gəlirini itirən ailə olduqca ağır maddi durumdadır. 

Sitat.info-ya şikayət edən Vüsal Nəcəfov deyir ki, 2024-cü ildən şirkətdə işləyir və 580 manat maaş alırmış. Bu ilin avqust ayında öncə onu 12 günlük məzuniyyətə göndərib , sonra isə çağıraraq əmək müqaviləsinə xitam verildiyini bildiriblər. Lakin işdən çıxarılması üçün əsaslı səbəb göstərilməyib.

Bunun ardınca V.Nəcəfov Dövlət Əmək Müfəttişliyinə və Ombudsmana şikayət ərizəsi yazıb. Aidiyyatı qurum şirkəti cərimələyib və işdən çıxarılmanı əsassız hesab edib. Vüsal Nəcəfov işinə davam etsə də, Kontakt Home rəhbərliyinin noyabrın 5-ə qədər səbri çatıb. Bir günün içində 3 uşaq atasını  işdən çıxarıb, üstəgəl şikayət etdiyinə görə, Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndini (yəni,  işçinin əmək vəzifələrini yerinə yetirməməsi və ya əmək intizamını kobud şəkildə pozması ) əsas göstəriblər. 

Qeyd edək ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, işəgötürən əmək müqaviləsinə yalnız qanunvericilikdə nəzərdə tutulan əsaslarla xitam verə bilər. Müqavilənin müddəti başa çatmayıbsa, işəgötürən onu özbaşına və əsas göstərmədən dayandıra bilməz.

Daha ətraflı təqdim etdiyim videolardan izləyə bilərsiniz. 

Məğrur,

Sitat.info