Samsung ağıllı eynəkləri təqdim etdi –  Telefona ehtiyac azalacaq 

Samsung ağıllı eynəkləri təqdim etdi –  Telefona ehtiyac azalacaq 
Dünya 19 Noyabr 2026 19:36

“Samsung” şirkəti “Google” və eynək istehsalçıları “Gentle Monster” və “Warby Parker” ilə əməkdaşlıq çərçivəsində yeni nəsil süni intellekt eynəklərini təqdim edib.

Sitat.info xəbər verir ki, “ağıllı eynək” adlanan cihaz adi eynəklərə bənzəsə də, daxili kamerası, mikrofonları və süni intellekt köməkçisi vasitəsilə istifadəçiyə müxtəlif xidmətlər göstərə bilir. Ən maraqlı xüsusiyyət ondan ibarətdir ki, eynəyin linzalarında ekran yoxdur və istifadəçi məlumatları görmək üçün telefona baxmaq məcburiyyətində qalmadan səsli şəkildə süni intellektlə ünsiyyət qura bilir. Qurğu “Google”un Gemini süni intellekt sistemi və Android XR platforması əsasında işləyir. İstifadəçi xarici ölkədə tanımadığı binaya baxaraq onun nə olduğunu soruşa, restoran menyusunu başqa dildən tərcümə etdirə və xəritə vasitəsilə istiqamət ala bilər. Eynək həmçinin görüş zamanı lövhədə yazılanları çəkərək məlumatları ümumiləşdirə və nəticəni Samsung Notes tətbiqində saxlaya bilir. Cihaz 12 meqapiksellik kamera, dörd mikrofon və iki açıq tipli dinamiklə təchiz olunub, çəkisi təxminən 41 qramdır və bir dəfə enerji yığmaqla 9 saata qədər işləyə bilir.

Eynəyin qiyməti və satış tarixi

Şirkətin açıqlamasına görə, yeni eynəklər 30 fərqli dizayn variantında hazırlanıb. Onlardan 16-sı Cənubi Koreyanın “Gentle Monster”, 14-ü isə ABŞ-ın “Warby Parker” brendinin dizaynıdır. ABŞ-da qiymətlər “Warby Parker” modelləri üçün 395 dollardan, “Gentle Monster” modelləri üçün isə 449–489 dollardan başlayır. Cənubi Koreyada “Gentle Monster” kolleksiyasının qiymətinin təxminən 650–700 min von olacağı bildirilir. İlkin satış ABŞ və Cənubi Koreyada nəzərdə tutulub, mağazalarda satışın dekabrın 10-da başlanması planlaşdırılır.

Məxfilik məsələsi də nəzərə alınıb

Eynəyin kamerası vasitəsilə ətrafdakı insanların görüntülərinin qeydə alınması məxfiliklə bağlı suallar yaradır. Samsung bu riski azaltmaq üçün çəkiliş zamanı eynəyin üzərində xüsusi LED işığının yanmasını nəzərdə tutub. Kamera aktiv olduqda həm ətrafdakılar, həm də eynəyi taxan şəxs çəkiliş barədə xəbərdar edilir. Şirkət bildirir ki, LED göstəricisi örtüldükdə və ya işləmədikdə kamera avtomatik söndürülür. Bundan başqa, Gemini vasitəsilə əldə edilən görüntülərin süni intellekt modellərinin təlimində və reklam məqsədləri üçün istifadə olunmayacağı açıqlanıb.

 Bu texnologiya nəyi dəyişə bilər?

Samsung-un yeni məhsulu smartfonlardan sonrakı dövrdə fərdi texnologiyaların hansı istiqamətdə inkişaf edə biləcəyini göstərir. İstifadəçi artıq məlumat almaq üçün telefonunu cibindən çıxarmaq əvəzinə, ətrafına baxaraq sual verə və cavabı səsli şəkildə eşidə bilər. Bu, xüsusilə səyahət, təhsil, iş görüşləri və gündəlik ünsiyyət zamanı faydalı ola bilər. Bununla belə, eynək hələ smartfonu tam əvəz etmir və bəzi funksiyalar üçün telefonla əlaqə tələb olunur.

Samsung bu bazarda tək deyil. Şirkət Meta-nın Ray-Ban ağıllı eynəkləri ilə rəqabət aparmağa çalışır. Texnologiya bazarında əsas mübarizə artıq yalnız daha güclü smartfon istehsal etmək deyil, süni intellekti insanların gündəlik həyatında daim istifadə edə biləcəyi cihazlara yerləşdirməkdir

Nərgiz,

Sitat.info