Azərbaycanın İsrail siyasəti müzakirə hədəfində – Türkiyə ilə fikir ayrılıqları aradan qalxacaqmı?
Azərbaycanda vahid məktəbli formasının tətbiqinə ciddi ehtiyac var idi. Əvvəllər ayrı-ayrı məktəblərin öz geyim qaydaları olsa da, onlara əməl olunmasında problemlər yaranırdı. Bəzən həm şagirdlər və valideynlər, həm də məktəb rəhbərlikləri bu məsələyə kifayət qədər məsuliyyətlə yanaşmırdılar.
Vahid məktəbli formasının tətbiqi bu sahədə məsuliyyəti artırdı və məktəblərdə nizam-intizamın gücləndirilməsi baxımından mühüm addım oldu. Bu qərar təhsil mühitində vahid qaydaların formalaşdırılması və həmin qaydalara əməl olunmasının təmin edilməsi baxımından əhəmiyyət daşıyır.
Lakin məsələni yalnız hicabla əlaqələndirmək düzgün yanaşma deyil. Vahid məktəbli forması ümumi geyim qaydalarını əhatə edir və bu qaydalardan kənaraçıxmaların qarşısının alınmasına xidmət edir. Təbii ki, bu çərçivədə baş örtüyü məsələsi də müzakirə predmetinə çevrilib. Ancaq qərarın mahiyyətini yalnız hicabla məhdudlaşdırmaq onun digər tərəflərini kölgədə qoyur".
Bu sözləri Sitat.info-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.
O bildirib ki, digər tərəfdən, Azərbaycanın İsraillə münasibətləri də bəzi dövlətlərdə, o cümlədən Türkiyədə müəyyən müzakirələrə səbəb olur: "Bu iki məsələnin eyni vaxtda gündəmə gəlməsindən istifadə edənlər onları bir-biri ilə əlaqələndirməyə və məktəbli forması ilə bağlı qərarı guya İsrailin sifarişi kimi təqdim etməyə çalışırlar.
Halbuki Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir və qərarlarını öz milli maraqları əsasında qəbul edir. Ölkənin hər hansı dövlətin diktəsi ilə hərəkət etdiyini iddia etmək əsassızdır".
A.Nağının fikrincə, Azərbaycanın Fələstin məsələsindəki mövqeyi də müstəqil siyasət yürütdüyünü göstərir: "Bakı İsraillə münasibətlərini inkişaf etdirsə də, Fələstin probleminin həllinə dair mövqeyi İsrailin mövqeyi ilə tam üst-üstə düşmür. Azərbaycan iki dövlət prinsipini dəstəkləyir və Qüdsün hər iki dövlətin paytaxtı olması məsələsini müdafiə edir. Deməli, Azərbaycan bu məsələdə öz mövqeyini qoruyur və tərəfdaşları ilə münasibətlərini milli maraqlarına uyğun şəkildə qurur".
Partiya sədri rəsmi Ankaranın Bakının müstəqil mövqeyinə hörmətlə yanaşmalı olduğunu da vurğuladı: "Azərbaycanın ən yaxın müttəfiqi isə Türkiyədir. İki ölkənin mövqeləri bir çox əsas məsələlərdə üst-üstə düşür. Bununla belə, müttəfiqlik bütün məsələlərdə mövqelərin mütləq eyni olması demək deyil. Bəzi məsələlərdə fərqli yanaşmaların ortaya çıxması mümkündür və bu, tərəflərin bir-birinin müstəqil qərarlarına hörmətlə yanaşmasına mane olmamalıdır.
Hazırda yaranmış gərginliyin tədricən səngidiyini düşünürəm. Həm Azərbaycan, həm də Türkiyə tərəfi anlamalıdır ki, fikir ayrılıqları iki ölkə arasındakı strateji münasibətlərə zərər vurmamalıdır. Bunun üçün qarşılıqlı anlaşma və barışıq çağırışları vacibdir.
Azərbaycanın rəsmiləri, ictimaiyyət nümayəndələri və cəmiyyətin müxtəlif təbəqələri münasibətlərin əvvəlki müsbət səviyyəyə qaytarılması istiqamətində addımlar atmalıdırlar. Eyni zamanda, Türkiyədən də Azərbaycana doğru oxşar addımların atılması vacibdir. Hər iki tərəf ayrı-ayrı qrupların yaranmış vəziyyətdən öz maraqları naminə istifadə etməsinə imkan verməməlidir.
Avropada, o cümlədən Almaniyada Azərbaycan məktəblərində hicabla bağlı keçirilən aksiyaların arxasında da siyasi maraqların dayandığını düşünürəm. Belə təşəbbüslərin həqiqi məqsədlərini qiymətləndirərkən onların siyasi dividendlər əldə etmək cəhdlərinə xidmət edib-etmədiyinə diqqət yetirmək lazımdır.
Bu məsələnin siyasi maraqlardan uzaq tutulması həm Azərbaycanın, həm də Türkiyənin maraqlarına uyğundur. Məktəbli forması və hicabla bağlı müzakirələr iki qardaş ölkənin münasibətlərinə xələl gətirməməlidir.
Xatırladaq ki, 2008-ci ildə Türkiyənin Ermənistanla sərhədlərin açılmasına yönələn siyasəti də Azərbaycan-Türkiyə münasibətlərində müəyyən anlaşılmazlıqlara səbəb olmuşdu. Həmin dövrdə yaranan narazılıqlara baxmayaraq, sonradan tərəflər arasında qarşılıqlı anlaşma gücləndi və müttəfiqlik münasibətləri daha da möhkəmləndi. Hesab edirəm ki, indiki vəziyyətdə də oxşar proses baş verə bilər. Azərbaycan və Türkiyə yaranmış fikir ayrılıqlarını qarşılıqlı hörmət və dialoq yolu ilə aradan qaldırmaq gücündədir. Əsas məsələ ayrı-ayrı mübahisələrin iki ölkənin strateji tərəfdaşlığına təsir göstərməsinə imkan verməməkdir.
İnanıram ki, Azərbaycan-Türkiyə münasibətləri bu sınaqdan da uğurla çıxacaq və iki ölkə arasındakı qardaşlıq və müttəfiqlik əlaqələri daha da möhkəmlənəcək".
Tehran,
Sitat.info