Seçkilərdən sonra Rusiyanı yeni səfərbərlik gözləyir: Daha sərt hərbi-siyasi mərhələ başlayır...
"Rusiyada keçirilən Dövlət Duması seçkilərində hakim partiyanın qalib gəlmək şanslarının yüksək olduğu görünür. Seçki prosesi faktiki olaraq ciddi siyasi alternativlərin məhdud olduğu şəraitdə keçirilir və hakimiyyətin əsas rəqiblərindən biri olan “Yabloko” partiyasının da seçkilərdə kənarlaşdırılıb.
Bununla yanaşı, Rusiya-Ukrayna müharibəsinin davam etməsi, Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar və sosial-iqtisadi problemlərin əhali arasında narazılıqları artırması Kremlin qarşısında müəyyən çağırışlar yaradır. Buna baxmayaraq, Vladimir Putin hərbi əməliyyatları davam etdirəcək".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, xüsusilə seçkilərdən sonra Rusiyada yeni hərbi səfərbərliyin keçirilməsi gözlənilir: "Moskvanın məqsədi Ukraynaya qarşı hərbi təzyiqi artırmaqla yanaşı, NATO ölkələrinə, xüsusilə Polşaya qarşı siyasi və hərbi təzyiq imkanlarını genişləndirməyi planlaşdırır.
Qarşıdakı qış aylarında Rusiyanın Donbas istiqamətində hərbi əməliyyatları intensivləşdirməsi və ərazini tam nəzarətə götürülməyə çalışması gözlənilir. Moskvanın Donbasla bağlı strateji məqsədlərinə nail olmayacağı təqdirdə, hərbi əməliyyatları dayandırmağa hazır olub-olmayacağı isə əsas suallardan biri olaraq qalır. Bu baxımdan, Rusiya-Ukrayna müharibəsində yaxın dövrdə daha sərt hərbi və siyasi mərhələ başlanacaq".
Seymur,
Sitat.info