Xırdalanda 13 mərtəbəli binanın üstünə daha 2 mərtəbə tikilir – “Dam örtüyü” adı ilə...Video

Gündəm 20 Oktyabr 2026 15:38

Xırdalan şəhərində 10 ildən artıqdır sakinlərin istifadəsində olan çoxmərtəbəli yaşayış binasının üzərində əlavə iki mərtəbənin inşasına başlanılması bir sıra suallar yaradıb.

Sitat.info-nun əldə etdiyi məlumata görə, “Abşeron A1” MTK-ya məxsus, illər əvvəl sakinlərə təhvil verilmiş 13 mərtəbəli yaşayış binasında əlavə tikinti işləri aparılır. Lakin bu işlərin mövcud şəhərsalma norma və qaydalarına nə dərəcədə uyğun olduğu aydın deyil.

Məlumata görə, şirkət müvafiq dövlət qurumlarına müraciət edərək binada dam örtüyünün quraşdırılması üçün razılıq istəyib. Məsələdən Abşeron Rayon İcra Hakimiyyətinin də məlumatı olub.

İcra hakimiyyəti şəhərsalma norma və qaydalarına əməl olunması şərtilə binada mansard tikintisinə razılıq verib. Bununla belə, sonradan qurum nümayəndələri mansardın iki mərtəbədən ibarət olacağından xəbərdar olmadıqlarını bildiriblər.

Məsələnin diqqətçəkən tərəflərindən biri də “Abşeron A1” MTK-nın bir qrup sakin adından Fövqəladə Hallar Nazirliyinə göndərdiyi məktublardır. Həmin müraciətlərdə sakinlərin 13 mərtəbəli binanın üzərində texniki mərtəbənin tikilməsinə etiraz etmədikləri qeyd olunub.

Bundan başqa, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində fəaliyyət göstərən Ərazi Tikinti-Planlaşdırma Mərkəzi publik hüquqi şəxs tərəfindən şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə riayət edilməsi şərtilə yenidənqurma işlərinin aparılmasına razılıq verildiyi bildirilir.

Lakin təqdim olunan məlumatlar və binanın üzərində faktiki aparılan tikinti işləri arasında müəyyən ziddiyyətlər diqqət çəkir.

İlk sual budur: 10 ildən artıqdır yaşayış üçün istifadə olunan binada dam örtüyünün quraşdırılması zərurəti niyə məhz indi yaranıb?

Digər məqam isə dövlət qurumlarına təqdim edilən müraciətlərdə eyni tikinti ilə bağlı fərqli terminlərin işlədilməsidir. Bir halda “dam örtüyü”, digər halda “texniki mərtəbə”, başqa bir müraciətdə isə “mansard” ifadəsindən istifadə olunması nə ilə bağlıdır?

Əsas suallardan biri də razılıq sənədləri ilə faktiki tikinti arasındakı mümkün uyğunsuzluqdur. Əgər müraciətlərdə bir mərtəbədən bəhs olunubsa, binanın üzərində iki mərtəbənin inşası hansı hüquqi əsasla həyata keçirilir?

Diqqət çəkən digər məqam pəncərələri olan və “dam örtüyü” kimi təqdim edilən konstruksiyanın yaşayış kompleksində yalnız bir binada deyil, iki binanın üzərində inşa edilməsinin nəzərdə tutulmasıdır. Əgər məqsəd dam örtüyünün yenilənməsidirsə, kompleksin digər binalarında belə işlərin aparılmasına niyə ehtiyac duyulmur?

Bütün bu məqamlar aparılan tikintinin həqiqətən dam örtüyünün quraşdırılmasına xidmət etdiyi, yoxsa mövcud yaşayış binalarının mərtəbə sayının artırılmasını nəzərdə tutduğu barədə suallar yaradır.

Aidiyyəti dövlət qurumlarının məsələyə aydınlıq gətirəcəyinə ümid edirik. Tikintiyə verilmiş razılıqların hüquqi əsasları, faktiki işlərin təsdiqlənmiş layihəyə uyğunluğu və binanın təhlükəsizliyi ilə bağlı ictimaiyyətə ətraflı məlumat verilməsi vacibdir.

Aytac,

Sitat.info