Türkiyədə sosial mediada Azərbaycan əleyhinə kampaniya: Məqsəd nədir?
Son günlər Türkiyə sosial mediasında Azərbaycanla bağlı müzakirələr yenidən gündəmə gəlib. BMT Baş Assambleyasında İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı Azərbaycanın nümayəndəsinin zalda olması ilə bağlı paylaşımlar diqqət çəkir.
Məsələni yalnız sosial şəbəkə mübahisəsi kimi qiymətləndirmək isə kifayət deyil. Çünki söhbət Türkiyə və Azərbaycan kimi yaxın münasibətlərə malik iki ölkədən gedir.
Azərbaycan və Türkiyə münasibətləri uzun illər ərzində siyasi, hərbi və iqtisadi əməkdaşlıq səviyyəsinə yüksəlib. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi də bu münasibətlərin strateji müttəfiqlik səviyyəsində olduğunu təsdiqləyən əsas sənədlərdən biridir.
Belə bir münasibət fonunda sosial şəbəkələrdə yayılan hər hansı məlumatın iki ölkənin cəmiyyətlərində yaratdığı təsir də əhəmiyyətlidir. Xüsusilə məlumatın tam kontekstdən çıxarılması və emosional formada təqdim edilməsi ictimai rəydə yanlış təsəvvür yarada bilər.
BMT məsələsində isə diplomatik qaydaları sosial şəbəkə məntiqindən ayırmaq lazımdır. Baş Assambleyanın iclaslarında dövlət nümayəndələrinin iştirakı konkret siyasi mövqeyin ifadəsi kimi qəbul edilə bilməz. Bir nümayəndənin müəyyən ölkənin çıxışı zamanı zalda olması həmin çıxışda səslənən bütün fikirləri dəstəklədiyi anlamına gəlmir.
Üstəlik, Azərbaycanın nümayəndəsi həmin iclasda iştirak edən yeganə müsəlman ölkəsinin nümayəndəsi deyildi. Bu baxımdan yalnız Azərbaycanın davranışını seçib ayrıca təqdim etmək məqsədli şəkildə ictimai rəyi qızışdırmaq, ölkəyə qarşı kampaniya aparmaqdır.
Burada başqa bir məqam da var. Diplomatiyada dövlətlərin müxtəlif ölkələrin nümayəndələrinin çıxışlarını dinləməsi, qeydlər aparması və iclaslarda iştirak etməsi adi praktikadır. Eyni yanaşma əvvəlki illərdə Ermənistan rəhbərlərinin beynəlxalq tədbirlərdə çıxışları zamanı Türkiyə nümayəndələrinin həmin çıxışları dinləməsini biz siyasi kampaniya mövzusuna çevirməmişik.
Deməli, eyni diplomatik davranışa müxtəlif dövrlərdə fərqli yanaşmaq, qərəzli münasibət ortaya qoymaq cəmiyyətdə əlavə suallar yaradır.
İsrail məsələsi də müzakirənin digər tərəfidir. Azərbaycanın İsraillə münasibətləri Bakının xarici siyasətinin ayrıca istiqamətidir. Türkiyənin isə İsraillə bağlı öz siyasi mövqeyi var. İki ölkənin müəyyən məsələlərə eyni cür yanaşmaması onların bütün digər sahələrdəki münasibətlərinin dəyişdiyi anlamına gəlmir.
Əsas məsələ də məhz budur: Azərbaycan müstəqil dövlət kimi xarici siyasət qərarlarını özü verir. Türkiyə də eyni hüquqa malikdir. İki ölkə arasında fikir ayrılığı yarana bilən məsələlərin olması münasibətlərin bütünlüklə sual altına qoyulması demək deyil.
Bu baxımdan sosial şəbəkələrdə yayılan kampaniyalara da daha soyuqqanlı yanaşmaq lazımdır. Çünki emosional paylaşımlar qısa müddətdə geniş auditoriyaya çata və cəmiyyətlər arasında qarşılıqlı narazılıq yarada bilər.
Mediada verilən xəbərlərdə bildirilir ki, son sorğular Türkiyə əhalisinin 20 faizinin Azərbaycanı özünə düşmən hesab etməsi , Azərbaycana münasibətin dəyişdiyini göstərir.
Bu, diqqətlə araşdırılmalı məsələdir. Burada əsas sual təkcə rəqəmin özü deyil. Həmin dəyişimin hansı səbəblərdən yarandığı, hansı məlumatların cəmiyyətə çatdırıldığı və sosial medianın bu prosesdə hansı rol oynadığı araşdırılmalıdır.
Çünki Azərbaycan–Türkiyə münasibətləri yalnız dövlətlərarası əlaqələrdən ibarət deyil. Bu münasibətlərin arxasında iki cəmiyyət arasında uzun illər ərzində formalaşmış yaxınlıq dayanır.
Ona görə də sosial mediada yayılan hər bir iddianı dərhal həqiqət kimi qəbul etmək əvəzinə, hadisənin tam kontekstinə baxmaq daha doğru yanaşmadır.
Azərbaycanın da, Türkiyənin də öz dövlət maraqları və müstəqil xarici siyasəti var. Müxtəlif məsələlərdə mövqelərin üst-üstə düşməməsi mümkündür. Əsas məsələ fikir ayrılıqlarının iki xalq arasında qarşıdurmaya çevrilməsinə imkan verməməkdir.
Bu gün sosial mediada başlayan bir müzakirə sabah cəmiyyətlər arasında yanlış təsəvvür yarada bilər. Ona görə də həm Azərbaycanda, həm Türkiyədə bu tip məsələlərə emosiyalarla deyil, faktlarla yanaşmaq xüsusilə vacibdir.
Sitat.info