Ehtiram Əliyev süni tənəffüs aparatına qoşuldu
Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin iştirakçısı Ehtiram Əliyevin vəziyyəti kritik olaraq qalır. Bir həftədən artıqdır ki, süni tənəffüs aparatına qoşulan Milli Qəhrəman huşsuz vəziyyətdədir.
Sitat.info xəbər verir ki, bu barədə Musavat.com-a “Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyinin sədri Elşən Uluxanlı məlumat verib. Onun sözlərinə görə, Ehtiram Əliyevin ağciyərindən və qanından götürülən nümunələr müayinə üçün Türkiyəyə göndərilsə də, hələlik cavab alınmayıb və dəqiq diaqnoz müəyyənləşdirilməyib.
Elşən Uluxanlı bildirib ki, həkimlər bir həftə əvvəl ailəyə hər an ən ağır xəbərə hazır olmağı tövsiyə ediblər. Son məlumat isə vəziyyətin nə qədər kritik olduğunu göstərir:
“Bir həftədən çoxdur ki, Ehtiram Əliyev süni tənəffüs aparatına qoşulub və huşu özündə deyil. Onun ağciyərindən və qanından nümunə götürərək Türkiyəyə göndəriblər. Amma hələ də cavab yoxdur, diaqnoz müəyyən edilməyib. Həkimlər bir həftə əvvəl dedilər ki, ailəsi hər an hazır olsun, hər şey ola bilər. Bu gün isə bildirildi ki, sabaha sağ çıxa da, çıxmaya da bilər”.
Qeyd edək ki, Ehtiram Əliyev hazırda Milli Onkologiya Mərkəzinin reanimasiya şöbəsində müalicə alır. Ona xroniki ürək çatışmazlığı, ağciyər ödemi və anemiya diaqnozları qoyulub.
Ehtiram Əliyev 1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində anadan olub. Birinci Qarabağ müharibəsində iştirak edən Ehtiram Əliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb