“İki Tramp varmış kimi hiss etdim” - Bayden həmin məktubun məzmununu açıqladı

“İki Tramp varmış kimi hiss etdim” - Bayden həmin məktubun məzmununu açıqladı
Dünya 11 Noyabr 2026 15:55

Sabiq ABŞ Pprezidenti Cozef Bayden “Mənə söz ver, Amerika” adlı yeni kitabına Donald Trampın 2021-ci ilin yanvarında vəzifədən ayrılmazdan əvvəl Ağ Evdə onun üçün qoyub getdiyi məktubun mətnini daxil edib. 

Sitat.info xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb. 

“Ölkəni sadəcə respublikaçı və ya demokrat kimi idarə edən bir çox prezident gəlib-getdi. Onlar böyük mənada tarixin gedişini dəyişə bilmədilər, sadəcə onun amansız axını ilə axıb getdilər. Sizinlə belə olmayacaq, çünki sizin Amerika xalqını nə qədər çox sevdiyinizi bilirəm”, - məktubda deyilir. 

Ağ Evin rəsmi blankında qara markerlə yazılmış məktub Tramp tərəfindən imzalanıb. Məktubda Tramp xələfinə dövlət başçısı vəzifəsində uğurlar arzulayıb.

Məktubun məzmunu Trampın Bayden və 2020-ci il prezident seçkilərinin nəticələri ilə bağlı bəyanatları ilə ziddiyyət təşkil edir. Bayden öz kitabında bu məktubun onda sanki “iki Donald Tramp”ın mövcud olduğu təəssüratı yaratdığını bildirib. 

Qeyd edək ki, prezidentliyinin ilk həftəsində Bayden jurnalistlərə açıqlamasında Trampın oval kabinetdə ona “çox alicənab bir məktub” qoyub getdiyini bildirsə də, onun məzmununu açıqlamaqdan imtina etmişdi.

ABŞ-nin 46-cı prezidenti olan Cozef Bayden 2021-2025-ci illərdə hakimiyyətdə olub. ABŞ-də 45 (2017-2021) və 47-ci (2025-indiyədək) dövlət başçısı seçilmiş Donald Tramp isə Baydenin həm sələfi, həm də xələfi olub.