Qəzzada 70 mindən çox çadır su altında qalıb: ABŞ senatorlarından İsrailə çağırış
Qəzza zolağında güclü yağışlar nəticəsində 70 mindən çox çadır su altında qalıb, azı 4 nəfər həyatını itirib. Ölənlər arasında üç uşağın olduğu bildirilir.
Sitat.info xəbər verir ki, ABŞ senatorları Cin Şahin və Brayan Şats dövlət katibi Marko Rubiyoya müraciət edərək İsrailə humanitar yardımların Qəzzaya çatdırılmasına maneələrin aradan qaldırılması üçün təzyiq göstərməyə çağırıblar.
Senatorlar bildiriblər ki, qış mövsümünün başlaması ilə bölgədə yaşayan yüz minlərlə məcburi köçkün daha ağır vəziyyətlə üzləşə bilər.
Onlar İsrail hökumətinin yardım yüklərinin yoxlanılması və təsdiqlənməsi prosesini uzatdığını, bunun da zəruri ləvazimatların çatdırılmasına mane olduğunu qeyd ediblər.
ABŞ senatorları Qəzzaya çadır, brezent, yorğan və digər qış ləvazimatlarının təcili buraxılmasını, həmçinin humanitar yardım üçün əlavə sərhəd-keçid məntəqələrinin açılmasını tələb ediblər.
BMT-nin məlumatına görə, humanitar təşkilatlar tərəfindən alınmış 150 mindən çox çadır İsrailin icazəsini gözləyərək Qəzza zolağından kənarda saxlanılır.
Bildirilib ki, bölgədə yağışların davam etməsi evsiz qalan insanların, xüsusilə uşaqların vəziyyətini daha da ağırlaşdıra bilər.
Aytac,
Sitat.info