İran ABŞ-la danışıqlar üçün 7 şərt irəli sürdü: Əks halda müharibə genişlənəcək!
Sitat.info xəbər verir ki, bunu İran parlamentinin sədri və ölkənin baş danışıqçısı Məhəmməd Baqir Qalibaf parlamentin noyabrın 24-də keçirilən iclasında bildirib.
Qalibaf ABŞ Prezidenti Donald Trampın son açıqlamalarına münasibət bildirərək Vaşinqtonun təhdidlərini və iqtisadi təzyiq siyasətini tənqid edib. O, İranın mövqeyinin dəyişməz olduğunu vurğulayıb.
İran hakimiyyəti yeddi şərtin tam siyahısını rəsmi şəkildə açıqlamasa da, dövlət mediasının məlumatına görə, tələblər sırasında ABŞ-ın İrana qarşı sanksiyalarının ləğvi, İran limanlarına tətbiq edilən dəniz blokadasının dayandırılması və ölkənin dondurulmuş aktivlərinin qaytarılması yer alır.
Tehran, həmçinin bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasını və gələcəkdə İrana qarşı yeni hücumların qarşısını alacaq təminatların verilməsini tələb edir.
Qalibaf xəbərdarlıq edib ki, qarşı tərəf hər hansı səhvə yol verərsə, İran münaqişənin coğrafiyasını genişləndirə bilər.
Onun sözlərinə görə, ölkə istənilən düşmən addımına qətiyyətli cavab verməyə hazırdır.
Qeyd edək ki, ABŞ və İran arasında danışıqların bərpası istiqamətində diplomatik cəhdlər davam edir. Qətər və Pakistan tərəflər arasında vasitəçilik edən əsas ölkələr sırasındadır. Lakin tərəflərin mövqeləri arasında ciddi fikir ayrılıqları qalmaqdadır.
Aytac,
Sitat.info