Hörmüzdə gərginlik! Dünya neft böhranı Azərbaycana  necə təsir edəcək? 

Hörmüzdə gərginlik! Dünya neft böhranı Azərbaycana  necə təsir edəcək? 
TƏHLİL 26 Noyabr 2026 14:36
Yaxın Şərqdə ABŞ və İran arasında gərginlik dünya iqtisadiyyatı üçün ciddi təhlükəyə çevrilir. Bu qarşıdurmanın əsas nöqtələrindən biri Hörmüz boğazıdır. Bura dünya neft daşımalarının ən vacib marşrutlarından biridir.

Son günlər boğazda gəmi hərəkəti xeyli azalıb. İranın gəmilərə hücumları və ABŞ-ın dəniz blokadası vəziyyəti daha da çətinləşdirib. “Əl-Cəzirə”nin məlumatına görə, noyabrın ilk həftəsi ilə müqayisədə sonrakı həftələrdə boğazdan keçən gəmilərin sayı 40 faizdən çox azalıb.

Hörmüz boğazının bağlanması və ya gəmi hərəkətinin uzun müddət məhdudlaşdırılması dünya bazarında neft çatışmazlığına səbəb ola bilər. Çünki dünya üzrə dəniz yolu ilə daşınan neftin təxminən dörddə biri bu boğazdan keçir. Bu marşrutda yaranan problem neft qiymətlərinin artmasına, daşınma xərclərinin yüksəlməsinə və bir çox ölkədə inflyasiyanın güclənməsinə səbəb ola bilər.

Bu vəziyyət Azərbaycana necə təsir edə bilər?

Azərbaycan üçün bu hadisənin həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, dünya bazarında neftin qiyməti artarsa, Azərbaycanın neft satışından əldə etdiyi gəlirlər də arta bilər. Üstəlik, Azərbaycan neftini əsasən Hörmüz boğazından keçməyən marşrutlarla ixrac edir. Buna görə də boğazdakı məhdudiyyətlər ölkəmizin neft ixracını birbaşa dayandırmır.

Lakin neft qiymətlərinin artması ilə yanaşı, ərzaq və digər idxal məhsullarının bahalaşması, daşınma xərclərinin yüksəlməsi Azərbaycana mənfi təsir göstərə bilər. Bir çox məhsullar üzrə daxili bazarın idxaldan asılı olduğunu nəzərə alsaq, birbaşa əhalinin cibinə təsiri istisna deyil.

Bundan başqa  İran ətrafında müharibənin genişlənməsi isə ölkəmiz üçün əlavə təhlükəsizlik və regional ticarət riskləri yarada bilər.

Nəticə olaraq, Hörmüz boğazındakı vəziyyət təkcə İran və ABŞ arasında problem deyil. Bu marşrutda uzunmüddətli böhran dünya iqtisadiyyatına, enerji qiymətlərinə və Azərbaycana da təsir göstərə bilər.

Seymur,

Sitat.info