"Rusiya Zaporojye AES-i döyüş meydanına çevirib..." - Zelenski nüvə fəlakəti barədə xəbərdarlıq etdi

17:24 11 Avqust 2022

Ukrayna prezidenti Vladimir Zelenski qeyd edib ki, Rusiya Zaporojye AES-də tarixdə ən böyük radiasiya qəzasını törədə bilər.

SİTAT.İNFO xəbər verir ki, o , Skandinaviya ölkələrindən olan  müttəfiqləri ilə konfransında bu sözləri deyib. 

"Əgər sovet hakimiyyəti Çernobıl fəlakətini və onun bütün nəticələrini gizlətməyə çalışıbsa, deməli, Rusiya hakimiyyəti daha həyasız və təhlükəlidir: onlar özləri nüvə fəlakəti riskini maksimuma çatdırmaq üçün hər şeyi edirlər. Və bütün dünyaya yalan danışırlar ki, guya başqa kimsə günahkardır”, - Zelenski bildirib.

O vurğulayıb ki, Avropanı bu təhlükədən qorumaq lazımdır.

"Yəqin ki, təkcə Avropa deyil... Çünki Ukraynadakı Zaporojye atom elektrik stansiyası bizim qitəmizdə ən böyük, dünyada üçüncü atom elektrik stansiyasıdır. Altı enerji bloku var", - dövlət başçısı xatırladıb.

Zelenski əlavə edib ki, Rusiya işğalçı ordusu bu atom elektrik stansiyasından terror və silahlı təxribatlar üçün istifadə edir.

"Rusiya AES-i döyüş meydanına çevirdi. İşğalçılar Zaporojye AES-ə gələndə onların tankları birbaşa stansiyaya atəş açıb. Zavodun ərazisinə hərbi texnikanın yerləşdirilməsi, hətta döyüş sursatlarının da ora atılması dəhşətdir. Rusiya hərbçiləri bilməlidirlər ki, onlar bütün Avropanı nüvə fəlakəti təhlükəsi altında qoyurlar", - prezident vurğulayıb.

O, əlavə edib ki, Rusiya hakimiyyəti nüvə stansiyasını bombalayanda bunun nəticələrini bilir.

"Biz əminik ki, Rusiyanın Ukrayna ərazisini vurduğu qanadlı raketlərin trayektoriyası təsadüfi Ukrayna AES-ləri üzərindən getmir. Bütün bunlar Rusiyanın nüvə terrorizminin təzahürləridir. Rusiya terrorçu dövlətə çevrilib və faktiki olaraq bu silahı saxlayır. Atom elektrik stansiyalarını girov götürüb və hamını ehtimal olunan fəlakətlə şantaj edir... Rusiya Zaporijjya AES-də tarixdə ən böyük radiasiya qəzasını törədə bilər”, - dövlət başçısı vurğulayıb.

O deyib ki, faktiki nəticələr baxımından bu, Çernobıldan daha fəlakətli ola bilər və bu Rusiyanın nüvə silahından istifadə etməsi ilə eynidir. 

"Radiasiya daşıyan küləyin qarşısını heç birimiz ala bilmərik. Amma biz hamımız birlikdə terror dövlətinin qarşısını almağa qadirik. Və Rusiyanı nə qədər tez dayandırsaq, Avropa və dünya bir o qədər tez özünü təhlükəsiz hiss edə biləcək", - Zelenski bildirib.

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti