“İran və ABŞ arasında yeni əməkdaşlıq mərhələsi başlaya bilər” - Sərdar Cəlaloğlu

11:38 27 Avqust 2026

"Amerika ilə İran arasındakı bu münaqişəni klassik müharibə adlandırmaq olmaz. Sadəcə olaraq, Amerika zor tətbiq etməklə İranın onun maraqlarına cavab verən şərtlərlə razılaşmasına çalışır. Ona görə də diqqət etsəniz, danışıqlarda müəyyən irəliləyiş olanda heç bir gərginlik olmur, müəyyən maddələrlə razılaşmayanda gərginlik olur. Mənə elə gəlir ki, İran və Amerika arasındakı bu fikir ayrılığı qismən aradan qaldırılıb. Bir neçə şərt də var ki, o şərtlər əməl ediləndən sonra Amerika ilə İran hətta əməkdaşlıq edəcək. Məsələn, Məkkə razılaşmasına İranın qoşulması ilə bağlı müəyyən ideya, fikir var və bu özü bütünlükdə Yaxın Şərqdəki qüvvələr nisbətinin dəyişməsinə gətirib çıxaracaq". 

Bu sözləri Sitat.info-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. 

O bildirib ki, Amerikanın bundan sonra İrana karşı genişmiqyaslı əməliyyatlar aparacağını düşünmür: "Çünki artıq İranın İsraili təhdid etməsi, eləcə də Amerikanın Yaxın Şərqdəki maraqlarını təhdid etməsi ilə ABŞ-ın hücum imkanları aradan qaldırılıb.  Sadəcə olaraq, hazırda danışıqlarda tərəflərdən kimin daha çox güzəşt və ya üstünlük əldə edəcəyi məsələsi müzakirə olunur. Çox güman ki, tərəflər ortaq məxrəcə gələcək və razılaşacaqlar. Yəni düşünmürəm ki, İran 100 faiz öz istədiyini diktə etsin və ya Amerika yalnız öz maraqlarını 100 faiz təmin edə bilsin".

Partiya sədri bildirib ki, söhbət, əsasən, Hörmüz boğazının statusundan gedir: "Burada da çox güman ki, müəyyən razılaşma əldə olunacaq. Yəni həm Amerikanın, həm də İranın tələbləri nəzərə alınacaq. Bununla da İranla Amerika arasında mövcud gərginliyin aradan qalxması mümkün olacaq".

Aytac,

Sitat.info 



Xəbər xətti