İran və Oman arasında Hörmüz boğazının yenidən açılması ilə bağlı danışıqlardan gələn müsbət siqnallar neft qiymətlərinin ucuzlaşmasını sürətləndirib.
Sitat.info xəbər verir ki, Brent markalı neftin bir barrelinin qiyməti 0,7 faiz azalaraq 87,24 dollara düşüb. ABŞ-ın Qərbi Texas markalı (WTI) neftinin qiyməti də 0,7 faiz ucuzlaşaraq 81,67 dollar olub.
Brent neftinin qiyməti bununla da ardıcıl dördüncü ticarət günüdür ki, geriləyib. WTI-də isə ucuzlaşma beşinci günə keçib.
Bazar iştirakçıları Yaxın Şərqdəki diplomatik prosesləri yaxından izləyirlər. İran və Oman arasında Hörmüz boğazının istifadəsi ilə bağlı razılaşmaya yaxınlaşdıqlarına dair xəbərlər neft tədarükünün təhlükəsizliyi ilə bağlı narahatlıqları azaldıb.
İran İnqilab Keşikçiləri Korpusu da iki tərəfin strateji su yolundan istifadə ilə bağlı razılığa gəldiyini açıqlayıb.
Hörmüz boğazı qlobal enerji ticarəti üçün mühüm əhəmiyyət daşıyır. Müharibədən əvvəl dünya üzrə neft və təbii qaz istehlakının təxminən beşdə birinə bərabər həcmdə enerji daşıyıcısı bu marşrutla daşınırdı. İranın keçidləri məhdudlaşdırmasından sonra isə boğazdan daşınan neftin həcminin normal səviyyənin təxminən dörddə birinə qədər azaldığı bildirilir.
Bununla belə, boğazın açılması ilə bağlı müsbət xəbərlərə baxmayaraq, enerji bazarında təchizatla bağlı risklər tam aradan qalxmayıb. Analitiklər bölgədəki atəşkəs danışıqlarının və Hörmüz boğazında vəziyyətin neft qiymətlərinin gələcək istiqamətinə əsas təsir edən amillərdən olacağını bildirirlər.
Eyni zamanda, ABŞ-da dizel ehtiyatlarının azalması da bazarda narahatlıq yaradır. ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına görə, avqustun 21-də başa çatan həftədə distillat ehtiyatları 2,2 milyon barrel azalaraq 103,4 milyon barrelə düşüb.
Aytac,
Sitat.info