Bu şəxslərin maaşından pul tutula bilər
İşə gecikən bəzi işçilər maaşlarından pul tutulması ilə üzləşə, bəziləri isə belə bir halla qarşılaşacaqlarından narahat ola bilərlər.
Bəs işəgötürən işçinin gecikməsinə görə əməkhaqqından pul tuta bilərmi? Əmək Məcəlləsi bu barədə nə deyir və qanunsuz tutulma ilə üzləşən işçi hüquqlarını necə qoruya bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında vəkil Səbuhi Axundov bildirib ki, işə gecikmək əmək intizamının pozulması hesab olunur.

Onun sözlərinə görə, lakin bu hal işəgötürənə avtomatik olaraq işçinin əməkhaqqından pul tutmaq hüququ vermir:
"Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsi ilə tənzimlənir. Həmin maddədə intizam tənbehlərinin növləri, o cümlədən müəyyən şərtlər daxilində işçiyə cərimə tətbiq edilməsi nəzərdə tutulur. İşə gecikməyə görə cərimə tətbiq edilməsi üçün müvafiq hüquqi əsas olmalıdır. Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərinə əsasən, kollektiv müqavilədə nəzərdə tutulduğu halda işçi aylıq əməkhaqqının dörddəbirindən çox olmayan məbləğdə cərimə edilə bilər. Əgər işəgötürənlə işçilər arasında kollektiv müqavilə bağlanıbsa və həmin müqavilədə əmək intizamının pozulmasına görə cərimə tətbiqi nəzərdə tutulubsa, qanunvericiliyin tələblərinə uyğun olaraq belə bir tədbir görülə bilər. Lakin müvafiq hüquqi əsas olmadan işçinin maaşından pul tutulması qanunsuzdur. İşəgötürən özbaşına qərar verərək işçinin əməkhaqqından istədiyi məbləği tuta bilməz. Əməkhaqqından tutulmalar qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməlidir. İşəgötürən işçinin əmək intizamını pozduğunu əsas gətirərək istənilən halda onun maaşını azalda bilməz. Tutulmanın hüquqi əsası, tətbiq olunma qaydası və məbləği qanunun tələblərinə uyğun olmalıdır. Əməkhaqqından qanunsuz tutulma ilə üzləşən işçilər hüquqlarını qorumaq üçün müvafiq dövlət orqanlarına, o cümlədən Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə, zərurət yarandıqda isə məhkəməyə şikayət verə bilərlər. Beləliklə, işə gecikmək əmək intizamının pozulması sayılsa da, bu, işəgötürənin işçinin maaşından istənilən məbləği tutmasına əsas vermir. İşçilər əməkhaqlarından tutulmanın hansı hüquqi əsasla həyata keçirildiyini öyrənməli, qanunsuzluq olduğunu düşündükləri hallarda isə hüquqlarının müdafiəsi üçün müvafiq qaydada müraciət etməlidirlər".