Azərbaycanlı gənc Oksford Universitetinin müəllimi oldu
Dövlət Proqramı təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb.
Sitat.info xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb.
Bildirilib ki, Beynəlxalq münasibətlər ixtisas sahəsi üzrə doktorantura təhsilinin ikinci ilində olan təqaüdçü təhsilini davam etdirməklə yanaşı, Oksford Universitetinin “Qlobal idarəetmə və diplomatiya” (MSc in Global Governance and Diplomacy) magistratura proqramının müəllim heyətində yer alacaq.
“O, proqram çərçivəsində qlobal idarəetmə və diplomatiya üzrə təməl fənlərin tədrisində və magistrantların akademik hazırlığında iştirak edəcək. Nuranə həmçinin Oksford Universitetində üzvü olduğu kollecin köməkçi dekan (Junior Dean) vəzifəsinə seçilib. Bu vəzifə tələbələrin rifahının təmin olunması, akademik icmanın dəstəklənməsi və kollec həyatının təşkili ilə bağlı məsuliyyətləri əhatə edir.
Qeyd edək ki, Nuranə Məmmədova magistratura təhsilini də Dövlət Proqramı çərçivəsində “Diplomatik tədqiqatlar” ixtisası üzrə Oksford Universitetində alıb. Təhsil aldığı müddətdə beynəlxalq akademik mühitdə qazandığı tədris, tədqiqat və idarəetmə təcrübəsi onun gələcəkdə Azərbaycana qayıdaraq ölkəmizin elm və təhsil sahəsinə töhfə verməsi baxımından mühüm əhəmiyyət daşıyır”.