Ukraynaya HÜCUM-ÖLƏN VAR

Ukraynaya HÜCUM-ÖLƏN VAR
Dünya 22 Oktyabr 2026 10:15
Ukraynanın paytaxtı Kiyev və Xarkov vilayəti Rusiya qüvvələrinin hücumlarına məruz qalıb. Nəticədə ölənlər və yaralananlar var, yaşayış binalarına, avtomobillərə və digər obyektlərə ziyan dəyib.

Sitat.info xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti və Xarkov Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb.

Məlumata görə, oktyabrın 22-nə keçən gecə Rusiya qüvvələri Kiyevin altı rayonuna ballistik raketlərlə zərbələr endirib. Hücum nəticəsində bir nəfər ölüb, dördü uşaq olmaqla 22 nəfər yaralanıb.

Dneprovski rayonunda bir nəfər həyatını itirib, bir uşaq xəstəxanaya yerləşdirilib. Yaşayış binalarına və avtomobillərə ziyan dəyib, yaşayış və qeyri-yaşayış obyektlərində yanğınlar baş verib.

Darnitski rayonunda nəqliyyat infrastrukturu zədələnib. Svyatoşinski rayonunda isə qeyri-yaşayış binasında və restoran kompleksində yanğın baş verib. Yanğının əhatə etdiyi 1100 kvadratmetr sahədə alovun söndürülməsi mümkün olub.

Obolonski rayonunda qeyri-yaşayış obyektləri zədələnib və yanğınlar qeydə alınıb. İki nəfər yaralanıb.

Peçerski rayonunda binalara, təcili tibbi yardım avtomobillərinə və monastıra ziyan dəyib. Burada üçü uşaq olmaqla səkkiz nəfər xəsarət alıb. Qoloseyevski rayonunda isə yaşayış olmayan binaya mərmi düşməsi nəticəsində altı nəfər yaralanıb.

Xarkov vilayətinin Lozovski rayonunun Limanovka kəndinə endirilən zərbə nəticəsində 42 yaşlı qadın həlak olub. Yaralanan dörd nəfər arasında 13 və 10 yaşlı iki oğlan da var.

Bundan əlavə, gecə saatlarında Rusiya qüvvələri Xarkov şəhərinin Slobidski və Osnovyanski rayonlarına dronlarla hücum edib. Slobidski rayonunda ticarət obyektində yanğın baş verib, fərdi evlərə ziyan dəyib. Osnovyanski rayonunda isə mağaza, dörd avtomobil və çoxmərtəbəli yaşayış binasının pəncərələri zədələnib. Hər iki rayonda xəsarət alan olmayıb.

Şəhərin Xolodnohirski rayonunda yük avtomobillərinin dayanacağına dron zərbəsi endirilib. Nəticədə dörd yük maşını, bir qoşqu və bir minik avtomobili yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. Fövqəladə hallar xidmətləri ərazidə işləyir.

Oktyabrın 21-də axşam saatlarında isə Rusiya qüvvələri Kirovoqrad vilayətinin Kropivnitski rayonuna zərbələr endirib. Hücum nəticəsində anbarlarda yanğın baş verib.

Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, yanğın lokallaşdırılıb. İlkin məlumata əsasən, ölən və yaralanan yoxdur.

Böyükmiqyaslı yanğın və təkrar hücum təhlükəsi xilasedicilərin işini çətinləşdirib. Hadisə yerində xilasetmə işləri davam etdirilir.