Bu ölkə də qarışdı - Xalq istefa tələb edir
Albaniyanın paytaxtı Tiranada hökumət əleyhinə etirazlar səkkizinci gündür davam edir. Polis aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
Sitat.info xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.
Etirazlarda orta məktəb və universitet tələbələri də iştirak edir. Onlar təhsil haqlarının azaldılmasını, təhsil sisteminə dövlət investisiyalarının artırılmasını və təhsil sahəsində korrupsiyaya qarşı mübarizə aparılmasını tələb edirlər. Aksiya iştirakçıları, eyni zamanda, Sosialist Partiyasının lideri, baş nazir Edi Ramanın istefasını istəyirlər.
Son günlər paytaxtın mərkəzində etirazçılarla polis arasında toqquşmalar baş verib. Nümayişçilər polisə daş, fişəng və yandırıcı vasitələr atıb, hüquq-mühafizə orqanları isə dəyənəklərdən, gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.
Etirazlar təhsil problemləri ilə yanaşı, korrupsiya iddiaları, yaşayış xərclərinin artması və dövlət xidmətlərinin keyfiyyəti ilə bağlı narazılıqları da əhatə edir.
Albaniyada siyasi gərginliyin artmasına səbəb olan məsələlərdən biri də keçmiş baş nazir müavini və infrastruktur naziri Belinda Ballukunun korrupsiya işi ilə bağlıdır. Reuters agentliyinin məlumatına görə, oktyabrın 20-də prokurorluq onun barəsində 200 milyon avrodan artıq dəyəri olan iki tikinti müqaviləsinin tenderinə müdaxilə ilə əlaqədar ittihamları rəsmiləşdirib. Balluku daha əvvəl qanunsuzluq iddialarını rədd edib.
Baş nazir Edi Rama zorakılığı pisləsə də, istefa tələblərini qəbul etməyib. O, hökumətin fəaliyyətini davam etdirəcəyini və ölkənin Avropa İttifaqına üzvlük istiqamətində irəliləməli olduğunu bildirib.
Aytac,
Sitat.info